Dünya 18:10 16.08.2023

Prezident Yunanıstanda saxlanılan azarkeşləri “müharibə əsiri” adlandırdı

Xorvatiya prezidenti Zoran Milanoviç Yunanıstanın AEK klubunun 29 yaşlı azarkeşinin ölümü ilə başa çatan Afinada kütləvi qarşıdurmalardan sonra xorvat futbol azarkeşlərinin Yunanıstanda saxlanmasına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Milanoviçin bəyanatından "Jutarnji list" sitat gətirib

"Yunanıstanın öz proseduru var, amma mən Xorvatiyanın prezidentiyəm, yüz xorvat məhbusuna gəlincə, mən subyektiv və eqoistəm. Bu insanlar müharibədəki kimi əsirlikdədirlər. Bunun qanunla heç bir əlaqəsi yoxdur", - Xorvatiya prezidenti açıqlamasında bildirib.

O qeyd edib ki, azarkeşlərin 5 günlük ilkin həbsi Yunanıstan hakimiyyətinin qətldə konkret kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün kifayət etməyib və saxlanılan bütün azarkeşlər ölkə üzrə istintaq təcridxanalarına göndərilib.

"Bu insanlarla hərbi əsir kimi rəftar olunub", - Milanoviç əlavə edib.

Onun sözlərinə görə, xorvat azarkeşlər nəzarətə götürülüb və "döyülmək və zorlanmaq üçün bütün Yunanıstana səpələnib”.

"Bunun demokratiya, insan haqlarına hörmətlə heç bir əlaqəsi yoxdur. Əgər bu, Aİ-dirsə, bu gün onun olmaması daha yaxşıdır", - Milanoviç əlavə edib.
Xatırladaq ki, avqustun 8-də zorakılıq səbəbindən Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində AEK - Zaqreb "Dinamo"su Avropanın idarəedici futbol qurumu UEFA tərəfindən ləğv edilib.

Bundan əvvəl 150 nəfərlik Zaqreb fanat qrupunun AEK stadionu yaxınlığında yunan azarkeşlərə hücum etdiyi bildirilirdi. Hücum zamanı bir nəfər bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

Avqustun 14-də məlum olub ki, Yunanıstan hakimiyyəti Afinada 29 yaşlı AEK azarkeşinin ölümü ilə nəticələnən kütləvi toqquşmalarda iştirak etməkdə şübhəli bilinən 105 futbol azarkeşinin hamısını saxlamağa qərar verib.

Nizami Bağırov