Döyüşlər bir aydan çox davam edən və hər iki tərəfdən çoxsaylı itkilərə səbəb olan kiçik və tamamilə dağıdılmış Ukrayna şəhəri Soledarın tutulması "Vaqner” özəl hərbi təşkilatı ilə Rusiya Müdafiə Nazirliyi arasında yeni mübahisəyə səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, Yevgeni Priqojin cümə günü Rusiya hərbçilərinin bir neçə həftə davam edən gərgin döyüşlərdən sonra Soledarı ələ keçirməsi barədə məlumat verdikdən sonra bildirib ki, Müdafiə Nazirliyində "Vaqner" döyüşçülərinin qələbəsini oğurlamağa çalışırlar.
Priqojinin sözlərinə görə, "vəzifələrində qalmaq istəyən məmurlar” "Vaqner" üçün fəaliyyətlərinə son qoyacağını vəd edən ABŞ-dan daha ciddi təhlükə yaradır.
"Onlar daim "Vaqner”in qələbəsini oğurlamağa çalışırlar və əməyimizi yerə vurmaq üçün aydın olmayan birilərin mövcudluğundan danışırlar", deyə Priqojin bildirib.
Həbsxanalardan 40 min məhbus toplayıb Donetsk vilayətində cəbhəni yarmaq üçün göndərən Priqojin yanvarın 11-də Soledarın tutulduğunu elan edib. Priqojin çərşənbə günü bildirib ki, şəhərin "bütün ərazisi” "nəzarət altına alınıb” və onun mərkəzində ukraynalılar mühasirəyə salınıb.
Rusiya Müdafiə Nazirliyi həmin gün Priqojinin dediklərini təkzib edərək, Hava Desant Qüvvələrinin bölmələrinin şəhəri mühasirəyə aldığını, hücum dəstələrinin şəhərə daxil olduğunu bildirib.
İki gün sonra Müdafiə Nazirliyi şəhərin alındığını bildirib. Nazirliyin sözçüsü İqor Konaşenkov brifinqdə deyib ki, bu, yanvarın 12-də axşam baş verib. Onun sözlərinə görə, Soledarın ələ keçirilməsi Ukrayna ordusunun təchizat yollarını bağlamağa, sonra isə "orda qalan Ukrayna Silahlı Qüvvələrinin qüvvələrini mühasirəyə almağa imkan verəcək.
Priqojinin "Konkord” şirkətinin mətbuat xidməti buna cavab olaraq, "Lokal müharibələr və hərbi münaqişələr veteranlarının maraqlarının müdafiəsi liqa”sının rəhbəri Andrey Troşevin "Müdafiə Nazirliyinin hesabatlarının "təəccüblü olduğuna” dair bəyanatını dərc edib.
Rəsmi Kiyev bu söz savaşından kənarda qalmayıb. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak özünəməxsus üslubda buna reaksiya verib: "Rusiyanın saxta xəbər agentliyi (Müdafiə Nazirliyi) ilə hərbi-kriminal ultras (Priqojin / Zolotov / Surovikin) arasında publik dava başlayıb. Mövzu "üç günlük müharibənin 11-ci ayında kimin daha yaxşı döyüşdüyü və Soledarda kim daha çox cəsəd səpəcəyidir. Gözəl sonluğun yaxşı əlamətidir", deyə Podolyak "Twitter"də yazıb.
Nizami Bağırov