Xəbər lenti

Priqojin yenə “öd püskürdü”: Rus ordusu ağır itkilər verərək geri çəkilir, MN Putini aldadır (VİDEO)
Dünya12:07 23.06.2023

Priqojin yenə “öd püskürdü”: Rus ordusu ağır itkilər verərək geri çəkilir, MN Putini aldadır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaqner” özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojin Rusiya qoşunlarının ağır itkilər verərək Zaporojye və Xerson istiqamətlərində geri çəkildiyini bildirib.
Qaynarinfo xəbər verir ki, müvafiq video mətbuat xidməti tərəfindən yayılıb.
"Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu sıxışdırır, biz qan içindəyik, heç kim ehtiyat qüvvə vermir, idarəetmə yoxdur", - Priqojin bildirib. Onun sözlərinə görə, eyni zamanda, Müdafiə Nazirliyi və Baş Qərargah "hələ də ümid edirlər ki, onlar bu müharibədə qalib gələcəklər”.
"Amma idarəetmə olmadığından, hərbi uğurları olmadığından Müdafiə Nazirliyinin rəhbərliyi prezidenti aldadır”, - o bildirib. Priqojin hesab edir ki, buna görə də "biz bütün günü 60-a yaxın məhv edilmiş "Leopard”, üç minə yaxın məhv edilmiş düşmən əsgəri barədə eşidirik”, bütün bunlar "cəfəngiyyatdır”.
Priqojinin mətbuat xidməti yazının yalnız birinci hissəsini dərc edib (buna "müsahibə” deyilir). Video 30 dəqiqəlikdir. Demək olar ki, bütün bu müddət ərzində Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini və şəxsən Sergey Şoyqunu tənqid edib.
Xüsusilə, "Vaqner” özəl hərbi şirkətin yaradıcısı bildirib ki, 2022-ci il fevralın 24-nə olan Donbasdakı vəziyyət 2014-cü ildən bəri orada baş verənlərdən heç nə ilə fərqlənməyib. Priqojinin sözlərinə görə, Rusiya və Ukrayna hərbçiləri Donbasda bir-birlərinə zərbələr endirirdilər. Amma Ukrayna tərəfindən heç bir "aktiv təcavüz” yox idi və Ukrayna NATO ilə birlikdə Rusiyaya hücum etmək fikrində deyildi. Priqojin iddia edir ki, Müdafiə Nazirliyi Ukraynanın ehtimal olunan hücumundan danışaraq həm ictimaiyyəti, həm də Rusiya prezidentini aldadıb.
"Çox pis planlaşdırılan əməliyyat” – Priqojin Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı işğalının başlanğıcını belə təsvir edir. "Nədənsə, bir dəstə ağıldankəm adam qərara gəlib ki, onlar o qədər ağıllıdırlar ki, heç kim təlimlər zamanı nə etdiklərini başa düşməyəcək və Kiyevə gedəndə heç kim onlara mane olmayacaq", – Priqojin deyir. Onun fikrincə, "başdanxarablar uzun kolonlar düzməsəydilər”, az sursat verməsəydilər və "əsgərləri əliyalın göndərməsəydilər” rus qoşunlarının qarşısında "heç kəs dayanmazdı”.
Priqojinin sözlərinə görə, müharibənin ilk günlərində digər kritik səhvlərə də yol verilib - Şoyqu "minlərlə insanı öldürdü - ordunun ən döyüşə hazır hissəsini". "Vaqner”in yaradıcısı bildirib ki, martın ortasında Rusiya müdafiə naziri artıq bu vəziyyətdən necə çıxmağı düşünən "titrəyən qoca"ya oxşayırdı. Priqojin hesab edir ki, məhz o zaman nazir "on minlərlə oğlanın həyatını itirməsinə” görə mühakimə olunmalı idi.
Priqojinin fikrincə, müharibə yalnız "bir dəstə əclafa şan-şöhrət qazanmaq üçün lazım idi”. Onun sözlərinə görə, müdafiə nazirinə marşal rütbəsi və ikinci Rusiya Qəhrəmanlığı ulduzunun verilməsi haqqında fərman artıq hazır idi. "Yalnız bir ruhi xəstə tabutda yatarkən, bu ulduzu yastığa gətirsinlər deyə lazım idi".
Bundan əlavə, Priqojin bildirib ki, müharibə oliqarxlara - "indi faktiki olaraq Rusiyaya nəzarət edən klana” lazım idi. Onun fikrincə, bu insanlar özlərindən başqa heç kimi düşünmürlər. "Vaqner”in yaradıcısına görə, oliqarxlar bunun üçün xüsusi olaraq Kiyevə qayıdan Viktor Medvedçuku Ukrayna prezidenti etmək istəyirdilər. Priqojin bildirib ki, Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə aktivlər bölünür. "Rus xalqını incidənlərlə müqəddəs savaşımız reketçiliyə, "krısalığa” çevrildi”, - o əlavə edib.
Cəbhə xəttindəki hazırkı vəziyyətdən danışan Priqojin vurğulayıb ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən "böyük yalanlar” davam edir və həqiqət yalnız o vaxt üzə çıxacaq ki, "bir dəstə yaramaz böyük ərazini itirildiyini anlayanda yığışıb deyəcəklər ki, biz yenidən qruplaşırıq və daha sərfəli mövqelərə çəkilirik, necə ki, Xerson və Limanda baş verdi. Eyni zamanda, o vurğulayıb ki, rus əsgərləri ölməkdə və ağır yaralanmaqda davam edir. "Zaman sürətlə daralır", - deyə Priqojin bildirib. 
Nizami Bağırov