Xəbər lenti

Proksi-agentlərin müharibəsi: Çin üçün Rusiya müttəfiq deyil, ABŞ-la qarşıdurmada agentdir
Dünya12:02 21.07.2023

Proksi-agentlərin müharibəsi: Çin üçün Rusiya müttəfiq deyil, ABŞ-la qarşıdurmada agentdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pekin Rusiyaya faktiki və siyasi dəstək verərkən müəyyən məsafə saxlayır, ərazi bütövlüyü prinsiplərinə sadiqliyini bəyan edir və Krım da daxil olmaqla Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalını tanımır. 
Qeyri-rəsmi səviyyədə Çin elitası Rusiyanın Ukraynadakı müharibəsini daha çox ABŞ və Çin arasında proksi-toqquşma və onların gələcək geniş qarşıdurmasının müqəddiməsi kimi qiymətləndirir. Bu konfiqurasiyada Rusiyanın tam məğlubiyyəti Pekin üçün qəbuledilməz nəticəyə çevrilir, çünki o, Vaşinqtonla təkbətək qalır.
"İrrasional” və zəif Rusiya ilə yaxınlaşmanın risklərini dərk edən Pekin hesab edir ki, Rusiyanı Çinə "kiçik qardaş” kimi bağlayan qeyri-bərabər tərəfdaşlığın faydaları daha çoxdur. Rusiya ilə "kollektiv Qərb” arasında qarşıdurma Pekinin onunla gələcək qarşıdurmasının risklərini və ssenarilərini təhlil etməyə imkan verən "simulyator” kimi qiymətləndirilir. İndiyə qədər Çin üçün əsas dərs Avropada təhlükəsizlik və strateji müttəfiqlik mülahizələrinin iqtisadi asılılıq faktorlarını üstələməsi, yəni münaqişə baş verəcəyi təqdirdə bu addımın baha başa gəlməsinə baxmayaraq, Qərb ölkələrinin ABŞ sanksiyalarına qoşulacağı qənaəti olub. Buna görə də Pekin Qərb bazarlarından asılılığı azaltmaqla təhlükəsiz iqtisadi tərəfdaşlıq sistemi qurmalıdır.
Rusiya əmindir ki, Çin Qərblə qarşıdurmada ölkənin əsas müttəfiqidir, bunu bütün ictimai rəy sorğuları sübut edir və bu, "sərhədsiz dostluq" mənzərəsi yaradan çinyönlü rəsmi diskursdan güclü şəkildə təsirlənir. Ancaq Çinin özündə mənzərə fərqli görünür. Onun rəsmi dili ilə desək, Rusiya tərəfdaş və müttəfiq kimi, lakin müəyyən məsafə təyin edilməklə təqdim olunur.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlayandan bəri Çin ardıcıl balanslaşdırılmış siyasətini qoruyub saxlayır, çinli ekspert "Russian Analytical Digest"in yeni sayında yazır. Bir tərəfdən Pekin Krım da daxil olmaqla, işğal olunmuş ərazilər üzərində Rusiyanın yurisdiksiyasını tanımır və suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəklədiyini bəyan edir, digər tərəfdən bütün tərəflərin təhlükəsizlik maraqlarına hörmət edir və NATO-nun Şərqə genişlənməsini müharibənin əsas səbəbi kimi göstərir.
Rusiya tərəfindən antiimperialist müharibə kimi, yəni Qərblə qarşıdurma vasitəsi kimi təbliğ edilən Ukrayna müharibəsi imici Çin cəmiyyətində, xüsusən NATO-nun Şərqi Avropada "genişlənməsi” ilə ABŞ-ın Asiya-Sakit okean regionunda (APR) genişlənməsi arasında analoqlar kontekstində anlayışla qarşılanır. Çində Asiya-Sakit okean regionunun "natolaşması” ilə bağlı böyük narahatlıqlar var, xüsusən də ABŞ-ın vəzifəsinin ÇXR-i cilovlamaq olduğunu açıq şəkildə etiraf etdikdən və Çin sərhədləri yaxınlığında yeni təhlükəsizlik blokları (QUAD – Avstraliya, Hindistan, ABŞ və Yaponiyanı əhatə edən dördtərəfli "təhlükəsizlik dialoqu”; AUKUS – ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən 2021-ci ildə imzalanmış üçtərəfli təhlükəsizlik paktı) yaratmaq səylərini artırdıqdan sonra. 
Buna görə də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ümumən çox skeptik qiymətləndirmələrin geniş yayıldığı Çin cəmiyyətində aşağıdakı tezisin əhəmiyyəti artır: Çin Rusiyanın hərəkətlərinə və məqsədlərinə o qədər də rəğbət bəsləməsə də onun məğlubiyyətində maraqlı deyil, çünki bu halda o, Qərblə təkbətək qalacaq və Qərb "Rusiyanı başsız qoyandan sonra Çinin dalıyca gələcək”. Pekin və Moskvanın siyasi ritorikası arasında əhəmiyyətli oxşarlığı müəyyən edən məqsəd və maraqların yaxınlığı deyil, məhz bu tezislər və "ümumi düşmən” obrazıdır. Məsələn, Rusiya getdikcə "kollektiv Qərb” ifadəsini işlətdiyi halda, Çində ABŞ və Qərbi ifadə edən Meixifang termini daha çox istifadə edilir. Bülleten müəllifi hesab edir ki, istənilən halda, Moskvanın yeganə güclü tərəfdaşı olaraq Pekin, Moskvanın hərəkətlərindən müəyyən məsafə saxlamaqla Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar masasında artıq mühüm yeri möhkəmləndirib. 
Qaynarinfo xəbər verir ki, Çinin siyasi və intellektual elitasının Ukraynadakı müharibəyə münasibətinin xüsusiyyətlərini başa düşmək üçün Avropa beynəlxalq münasibətlər şurasının (ECFR) ekspertləri Çində rəsmi səviyyədə və akademik və ekspert mühitində üstünlük təşkil edən diskursları araşdırıb (xüsusilə aparıcı Çin ekspertləri və strateqləri ilə 30-dan çox müsahibə təşkil etməklə) və onlarda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dörd əsas narrativ müəyyən ediblər.
Birinci narrativ: Amerika Ukraynadakı müharibədən Çini mühasirəyə almaq üçün istifadə edir, lakin dünyanı öz ətrafında birləşdirə bilməyib. Bu yanaşmanın bir hissəsi kimi ekspertlər Ukraynadakı müharibəni Çin və ABŞ arasında proksi münaqişə kimi təqdim edirlər və bu münaqişədə hər iki tərəf öz mövqelərindən faydalanır. Onlar hesab edirlər ki, Vaşinqton böhrandan Hind-Sakit okean və Avro-Atlantik regionlardakı müttəfiqləri ilə birliyi gücləndirmək üçün istifadə edir. Lakin onların fikrincə, artıq müharibənin başlanması ABŞ-ın rəhbərlik etdiyi institurların uğursuzluğuna və onların cilovlama imkanlarının məhdudluğuna dəlalət edir. Onlar həm də hesab edirlər ki, ABŞ hələ də ənənəvi müttəfiqlərini başına toplaya bilsələr də, Afrika, Latın Amerikası və Asiyada rəğbət qazana bilməyiblər. Bu mənada Çin qlobal Cənub ölkələrinin simpatiyasına görə ABŞ-ın əsas rəqibinə çevrilir.
İkinci narrativ ondan ibarətdir ki, Çin Rusiyanı dəstəkləməklə, onu kiçik tərəfdaş kimi özünə bağlamaqla itirəcəyindən daha çox qazanacaq. Çinin Rusiya ilə bağlı debatları iki ziddiyyətli münasibətlə xarakterizə olunur. ECFR-nin sorğusuna qatılan çinli intellektualların demək olar ki, hamısı Rusiyanın səriştəsiz və dözülməz hərbi fəaliyyətindən narazı olduqlarını və hətta Rusiyanın artıq böyük dövlət statusuna layiq olmadığı fikrini ifadə ediblər. Eyni zamanda, onlar etiraf edirlər ki, struktur məntiqi Çin və Rusiyanı sıx şəkildə birləşdirir. Tanınmış ekspertlərdən birinin fikrincə, Si və Putinin siyasi taleyi bir-birinə bağlıdır, çünki onların ümumi məqsədi var: beynəlxalq nizamı qeyri-demokratik və qeyri-liberal rejimlər üçün daha təhlükəsiz və rahat etmək üçün yenidən formalaşdırmaq. Buna görə də Çin Moskvaya iqtisadi və diplomatik dəstəyini davam edəcək. Nəticədə Çin Rusiya-Ukrayna münaqişəsindən faydalanır, bu isə Rusiyanı daha asılı vəziyyətə salır və ABŞ-ı "müharibəni qızışdıran” kimi təqdim etməyə imkan verir. Moskvaya daha skeptik yanaşanlar qorxur ki, Putinin irrasionallığı bir gün Qərb və xüsusilə də Avropa ilə əlaqələri kəskin şəkildə kəsməkdə maraqlı olmayan Pekinə yük ola bilər. Bununla belə, patronaj tərəfdaşlıqlarının faydaları bu narahatlıqlardan açıq şəkildə üstündür.
Üçüncü narrativ ondan ibarətdir ki, Ukraynadakı müharibə Tayvana görə müharibə ehtimalını nə artırdı, nə də azaltdı. Rəsmi səviyyədə "Tayvan Ukrayna deyil” vurğulansa da, analogiyalar yersiz olsa da, əslində bu, Rusiya-Ukrayna münaqişəsinin əsas proqnozlarından biridir. Bəzi çinli ekspertlər ABŞ və NATO-nun münaqişəyə həddən artıq qarışmaqdan çəkindiyinə diqqət çəkir və bundan belə nəticəyə gəlirlər ki, Qərb də Tayvanla bağlı Çinlə üzbəüz qarşıdurmadan qaçmağa çalışacaq. Bunun əvəzində Vaşinqton çox güman ki, Tayvanı Ukrayna modeli ilə silahlandıracaq və hərbi məsuliyyətləri regiondakı müttəfiqlərinə, ilk növbədə Yaponiyaya ötürməyə çalışacaq. Ukraynada olduğu kimi, burada da Tayvana müstəqil agent kimi deyil, daha çox supergüclərin oyununda piyada kimi baxılır. Ümumiyyətlə, intellektuallar Tayvan uğrunda müharibənin mümkünlüyünü istisna etmirlər, amma bunu ehtimalının az olduğunu vurğulayırlar. 
Dördüncü narrativ ondan ibarətdir ki, Qərb və Çinin qarşılıqlı iqtisadi asılılığı Pekini artan qarşıdurmada və mümkün münaqişədə qoruya bilməyəcək və ona görə də sanksiyalara hazırlaşmaq lazımdır. Çinli müşahidəçilərin Ukraynadakı müharibədən çıxardıqları əsas dərslərdən biri odur ki, siyasət və təhlükəsizlik
iqtisadiyyatdan daha vacibdir. Onilliklər ərzində Çin və Qərb elitaları iqtisadi qarşılıqlı asılılığın açıq münaqişənin qarşısını alacağına inanırdılar, lakin Ukraynadakı müharibə çoxlarının buna şübhə ilə yanaşmasına səbəb olub. Məsələn, Almaniyanın Rusiyadan enerji asılılığı Berlinin qərarlarında əsas faktora çevrilmədi. Çin və ABŞ arasında münaqişə baş verərsə, Amerika müttəfiqlərinin (məsələn, Almaniya) iqtisadi maraqlarının geosiyasi maraqları üstələyəcəyini də gözləmək olmaz.
Buna görə də Rusiyaya qarşı görünməmiş sanksiyalar fonunda Çin hakimiyyəti müxtəlif sanksiyalar ssenariləri altında ölkənin daxili bazarının necə davranacağını simulyasiya edən "stress testləri” keçirməyə başlayıb. Yeni iqtisadi strategiya onu deməyə əsas verir ki, beynəlxalq bazarlar ölkənin inkişafında mühüm rol oynamağa davam etsə də, Pekin xarici sərmayələrə münasibətdə daha seçici olacaq və daha geniş iqtisadi muxtariyyətə "stavka” edəcək. Bəzi ekspertlər xüsusilə yuanın beynəlmiləlləşdirilməsi və Qərbin maliyyə infrastrukturu ilə əlaqəsi olmayan kiçik bankların açılması yolu ilə sanksiyalara davamlı beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılmasını təklif edirlər.
Beləliklə, Çində, ümumiyyətlə, Rusiyayönlü əhval-ruhiyyə yoxdur (bu, daha çox, məsələn, Hindistanda müşahidə olunur) və Rusiya ilə tərəfdaşlığa orada əsasən ABŞ-la artan qarşıdurma prizmasından baxılır. Çin nöqteyi-nəzərindən Rusiyanın Çinin ABŞ-la qarşıdurmasında alət rolu Rusiyanın Ukraynaya aid etdiyi rola bənzəyir - Rusiya ilə qarşıdurmada Qərbin proksi-agentinin rolu.
Nizami Bağırov