İdman 18:08 26.10.2023

PSJ Neymarı zədə problemi olduğu üçün ərəblərə satıb? - Braziliya mətbuatı

Neymar fiziki testlərdə ortaya çıxan narahatlıqlara görə PSJ-nin onu "Al-Hilal"a satması ilə bağlı iddialara cavab verib. 

Qaynarinfo-nun məlumatına görə, ulduz futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya millisinin heyətində dizindəki ön çarpaz bağından ağır zədə alıb və sıradan çıxıb. Bu səbəbdən futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Braziliyalı futbolçu PSJ-dəki altıillik karyerası ərzində də xeyli zədə alıb. Braziliya mətbuatında yer alan xəbərlərə görə PSJ Neymarın bəzi tibbi testlərində problem görüb və bu səbəbdən ulduz futbolçunu Səudiyyə Ərəbistanı təmsilçisinə satıblar.

Neymar sosial şəbəkədə bununla bağlı açıqlama verib. O yazılanları  "saxta xəbər" kimi qələmə verib: "Gecə keçir, gün keçir və heç nə dəyişmir. Onlar əslində nə baş verdiyini bilmirlər, amma bunu paylaşırlar. Hər gün daha çox yayılır. İnsanlıq saxta xəbərlər üzündən itirilir."

Neymar son zədəsi ilə bağlı bunları deyib: "Bu, çox kədərli, bəlkə də ən pis anıdır. Güclü olduğumu bilirəm, amma bu dəfə ailəmə və dostlarıma daha çox ehtiyacım olacaq. Zədələnmək və əməliyyat olunmaq asan deyil. Təsəvvür edin ki, dördaylıq zədəni sağaltdıqdan sonra sonra bütün bunları yenidən yaşayırsınız".

Cənubi amerikalı "Al-Hilal”ın heyətində cəmi beş matçda iştirak edib və bir qol vurub.

Səbuhi Həsənov