Ulyanovsk vilayətində Çuvaşiyadan səfərbər edilmiş 100-dən çox insan vəd edilən ödənişləri almadıqları üçün kütləvi etiraz aksiyası başlayıb.
Qaynarinfo xəbər verir ki, səfərbər olunanların müraciəti Gulagu.net insan hüquqları layihəsi və "Qəzəbli Çuvaşiya" "Telegram" kanalı tərəfindən dərc edilib.
"Biz öz həyatımızı riskə ataraq, sizin təhlükəsizliyiniz və dinc həyatınız üçün ölümə gedirik! Dövlətimiz prezident Vladimir Putinin bizə vəd etdiyi 195 min rubl məbləğində pulu bizə verməkdən imtina edir! O zaman biz nəyin xatirinə ailəmizi dəstəksiz qoyub bu dövlət uğrunda mübarizə aparmalıyıq?! Biz "xüsusi hərbi əməliyyat”da iştirakdan imtina edirik və Rusiya Federasiyasının Prezidentinin rəhbərlik etdiyi hökumətimizin vəd etdiyi pulu alana qədər ədaləti axtaracağıq!” deyə hərbçilər bildirib.
"Telegram" kanalının mənbələrinə görə, aksiyanı yatırmaq üçün təlim mərkəzinə çevik qüvvələr və Milli Qvardiya göndərilib. Daha sonra "Qəzəbli Çuvaşiya" xəbər verib ki, səfərbər olanları "sakitləşdiriliblər".