Vladimir Putin Rusiya-Afrika forumunda Afrika ölkələrinin nümayəndə heyətlərinin başçıları ilə görüşündə çıxışı zamanı deyib ki, "Qərb tərəfdaşları” Liviyada BMT Təhlükəsizlik Şurasının heç bir qərarı olmadan hərəkət ediblər. Halbuki belə bir qərar var idi və Rusiya onun əleyhinə səs verməyib. Üstəlik, o vaxtkı prezident Dmitri Medvedevin Liviya ilə bağlı qətnaməni bloklamaqdan imtina etməsi Rusiya hakim tandemində ən kəskin münaqişələrdən birinə səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media”
yazır.
"BMT Təhlükəsizlik Şurasının heç bir qərarı olmadan Liviyada necə davrandıqlarını unudublar. <…> Onlar BMT Nizamnaməsinə əhəmiyyət vermirlər. Onlar beynəlxalq hüquq haqqında o vaxt fikirləşirlər ki, bu alətlər kiməsə qarşı istifadə edə bilsinlər - indiki halda Rusiyaya qarşı. Onlarda heçnə alınmayacaq, bu, çox primitivdir”, deyə Putin bildirib.
Nəşr qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının Liviyadakı vəziyyətə müdaxiləyə icazə verən 1973 saylı qətnaməsi 2011-ci il martın 17-də qəbul edilib. Həmin vaxt hazırkı prezidenti Putinlə görüşdə iştirak edən Cənubi Afrika Respublikası da daxil olmaqla, 10 ölkə onun qəbuluna səs verib. Heç bir ölkə əleyhinə səs verməyib. Səsvermədə Rusiya digər 4 ölkə ilə birlikdə bu məsələdə bitərəf qalıb.
O vaxt baş nazir olan Putin əvvəlcədən fərqli mövqe tutub. O bildirib ki, bu qətnamə "hər kəsə suveren dövlətlə bağlı hər şeyi, istənilən hərəkəti etməyə icazə verir”. Putin, "orta əsrlərdə səlib yürüşü çağırışını” xatırladan qətnaməni "qüsurlu” adlandırıb.
Baş nazirin açıqlamaları Dmitri Medvedevlə ictimai mübahisəyə səbəb olub. Medvedev "səlib yürüşləri” kimi ifadələrin qəbuledilməz olduğunu bildirib. O, bu qətnaməni yanlış hesab etmədiyini vurğulayıb. "İnanıram ki, bu qətnamə bütövlükdə Liviyada baş verənlərlə bağlı bizim anlayışımızı əks etdirir”. Bundan sonra Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, baş nazirin qiymətləndirməsi onun şəxsi nöqteyi-nəzəridir, Medvedevin qiymətləndirməsi isə Rusiyanın yeganə rəsmi mövqeyidir.
Nizami Bağırov