Dünya 16:33 08.02.2023

Putin hesab edir ki, müharibədə vaxt onun tərəfindədir - Estoniya kəşfiyyatı

Rusiya prezidenti Vladimir Putin əmindir ki, Ukraynaya qarşı müharibədə vaxt onun tərəfindədir, çünki onun "müharibə” maşınını gücləndirməsi üçün kifayət qədər resursları var.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg Estoniya Xarici kəşfiyyat xidmətinin illik hesabatına istinadən yazır.
 
Hesabatda deyilir ki, Rusiyanın müharibə aparmaq qabiliyyətində "keyfiyyətcə sıçrayış” əldə etmək ehtimalı az olsa da, Putin işğalın ilk ilində uğursuzluqlara baxmayaraq, dayanmayacaq.

Onun üçün əsas amil ABŞ və NATO kimi müttəfiqlərin Ukraynaya dəstəyinin zəifləməsidir.

"Putin Ukraynanın və Qərbin Rusiyadan əvvəl tükənəcəyinə inanaraq zamanla oynayır” deyən məlumatda Putinin Ukraynanı bombalarla danışıqlar masasına oturtmağa məcbur edə biləcəyinə inandığı da vurğulanır.

Hesabatda qeyd edilir ki, Putin hökuməti heç bir zəiflik əlaməti göstərmir və "təbliğat imperializmi” alətlərini işə salmağa qadirdir, baxmayaraq ki, Rusiya hərbi strateqləri Ukraynanın özünü müdafiə qabiliyyəti və ABŞ və Avropa İttifaqının sanksiyalarının miqyasını gözləmirdilər.

Hesabatda bildirilir ki, Rusiya elitası Putinin "dəli olmasından getdikcə daha çox narahatdır, lakin onların əksəriyyətində dəyişiklik istiqamətində real addımlar atmağa cəsarət yoxdur”.

Sənəd Putindən sonrakı potensial Rusiyanı ayrıca nəzərdən keçirir. Qeyd edildiyi kimi, orada demokratik dəyərləri bölüşəcək bir dənə də olsun əhəmiyyətli qrup yoxdur, lakin Yevgeni Priqojin və Ramzan Kadırovun da olduğu "radikal” fraksiyalar hakimiyyət uğrunda mübarizə aparır.

Estoniya kəşfiyyatçıları Putinin avtoritar rejimini Sovet İttifaqı 2.0 adlandırıblar ki, bu rejimdə "yeni Qorbaçov yoxdur, Yeltsin də yoxdur”.

Estoniya kəşfiyyatı işğalın Baltikyanı ölkələrdə hərbi münaqişə riskini artırmasından narahatdır, çünki gələcək səfərbərlik və bu ilin sonunda planlaşdırılan irimiqyaslı Rusiya hərbi təlimlərinin NATO-nun şərq cinahında gərginliyi artıracağı gözlənilir.

Baltikyanı ölkələri NATO-nun ən həssas regionu kimi görən Rusiya Estoniya yaxınlığında hərbi qüvvələrinin bərpasına üstünlük verəcək və bu, dörd ilə qədər çəkə bilər.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin bildirib ki, Ukrayna müharibədə məğlub olarsa, onun resursları əllərindən alınaraq Qərbə qarşı yönəldiləcək.

Nizami Bağırov