Qaynarinfo "Reuters” xəbər agentliyinin Putinin Tehrana səfəri ilə bağlı iki ölkə arasındakı münasibətləri analiz edən məqaləsini xülasə ilə təqdim edir.
Rusiya prezidenti Vladimir Putin Ali Rəhbər Ayətullah Əli Xamenei, prezident İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Tehrana səfərə gedib.
İran Rusiya üçün Çin, Hindistan, Latın Amerikası, Ərəb və Afrika ölkələri də daxil olmaqla, Rusiyanın sanksiyalar altında inkişaf edə biləcəyi iddiasını sübut etmək üçün daha güclü əlaqələr qurduğu geniş ölkələr qrupunun bir hissəsidir.
Ancaq hər iki ölkə Qərbə qarşı düşmənçilikdə yekdil olsa da, Rusiya və İranın enerji istehsalçıları kimi rəqabətdə olması faktı, çox güman ki, hər hansı daha dərin tərəfdaşlığa məhdudiyyətlər qoya bilər.
ABŞ rəsmiləri bildiriblər ki, İran Rusiyaya bir neçə yüz pilotsuz uçuş aparatı və ya pilotsuz təyyarələr, o cümlədən bəziləri silah atmaq qabiliyyətinə malik olan dronlarla təchiz etməyə hazırlaşır, ancaq ölkələr məlumatı təsdiqləməyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin İran liderləri ilə bu məsələni müzakirə etməyib.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan keçən həftə deyib ki,
"Rusiyanın ukraynalıları öldürmək üçün İranla müttəfiqliyini dərinləşdirməsi bütün dünyanın ciddi təhdid hesab etməli olduğu bir şeydir”.
"İran PUA-ların tədarükü ilə yanaşı, Rusiyaya sanksiyalardan yayınmağa kömək edə bilər və Qərb ölkələri vasitəsilə təchizat zəncirindən daha az asılı olan silah sistemlərinin istehsalı sahəsində potensial əməkdaşlıq edə bilər",- Londondakı RUSI analitik mərkəzinin müharibə eksperti Cek Uotlinq deyir.
Uoltinq bildirir ki, İranın Qərbin sanksiyalarına qarşı özünü müdafiə etməkdə uzun illər təcrübəsi var. "Ruslar İranı Qərbin sanksiyalarından yayınmaqda çox təcrübəli və potensial dəyərli tərəfdaş kimi görürlər".
Berlindəki SWP analitik mərkəzindən Cenis Kluge deyir ki, "Rusiyanın İrandan öyrənə biləcəyi bəzi dərslər ola bilər... Bunun müqabilində Rusiya hərbi mallar və ola bilsin ki, xammal və ya taxıl təklif edə bilər”.
Kluge həmçinin bildirir ki, bəzi Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırıldığı üçün Moskva İran banklarının da daxil ola biləcəyi bir alternativ hazırlayır.
Bəs Rusiya ilə İran enerji sahəsində əməkdaşlıq edə bilər?
Bu, potensial olaraq həssas sualdır: hər iki ölkə neft və qaz istehsalçılarıdır və Ukrayna müharibəsi başlayandan bəri Rusiya neft ixracının daha çox hissəsini ucuz qiymətə Çin və Hindistana satdığı üçün onlar arasında rəqabət güclənib.
"İqtisadi aspektdə müharibə onların münasibətlərini xeyli pisləşdirib. Moskva əmtəə bazarlarında Tehranın naharını yeyir və onun İrandakı layihələrə xərcləmək üçün daha az resursu var”, - Avrasiya Qrupunun araşdırmalar üzrə rəhbərinin müavini Henri Rom bildirib.
Bununla belə, Putinin səfəri ilə eyni vaxta İran Milli Neft Şirkəti və Rusiyanın Qazprom şirkəti təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıblar. Bu memoranduma əsasən, Qazprom NIOC-a iki qaz yatağı və altı neft yatağının işlənməsinə, həmçinin mayeləşdirilmiş təbii qaz layihələri və qaz ixrac boru kəmərlərinin tikintisinə kömək edəcək.
Nurlan Hüseynov