Xəbər lenti

Putin-Makron görüşünün yekunu: Müharibə ehtimalı qüvvədə qalır
Siyasət10:23 08.02.2022

Putin-Makron görüşünün yekunu: Müharibə ehtimalı qüvvədə qalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu görüşdən nəticə gözlənilmirdi və o da baş verdi. Bununla belə, Rusiyanın ultimatum xarakterli təkliflərinin nəzərdən keçirilməsi artıq Moskvanın müəyyən səviyyədə istəyinə nail olmasının göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada baş tutan görüşün nəticəsini şərh edərkən deyib:
"Rusiyanın ultimatumunu bir neçə qrupa bölsək, hər bir istiqamətdə müəyyən irəliləyişlərin olduğunu görərik. NATO-nun genişlənməməsilə bağlı hərbi blok öhdəlik götürməsə də, quruma üzv ölkələr bu məsələyə ciddi yanaşmağın vacib olduğunu bəyan ediblər. Qeyri-rəsmi olsa da, yeni üzvlərin qəbuluna "veto” hüququnun istifadə edilməsi barədə fikirlər səslənir. Raket zərbə komplekslərinin sərhədyanı bölgələrdə yerləşdirilməsi məsələsində ABŞ danışıqlara hazır olduğunu bəyan edib. Dondurulan NATO-Rusiya münasibətləri də demək olar ki, bərpa olunub. Ukrayna məsələsini avropalılar ukraynalıların maraqları hesabına həll etmək niyyətindədir. Kiyev də dirənir. Rusiya təzyiq etsə də, Ukrayna daha çox təzyiq göstərir. Ona görə də Rusiyanın interpretasiyasında olan Minsk razılaşması həyata keçmir”. 
Həmsöhbətimizin qənaətincə, hələlik proses müəyyən dərəcədə Moskvanın istəyinə uyğun gedir:
"Avropa NATO-ya yeni üzvlərin qəbul edilməyəcəyi barədə öhdəlik götürmür, amma eyni zamanda, həmin quruma üzv olmaq istəyən dövlətləri Rusiyaya qurban verir. Bu çərçivədə də Moskva hələlik istəyinə nail olmaqdadır”.
F. Məmmədov proses ətrafında İstanbul formatının Normand formatını əvəzləyə biləcəyi ehtimalını da istisna etmir:
"Normand formatı alınmasa, Türkiyənin görüş təklifi də dəyərləndirilə bilər. Belədə, İstanbul formatı formalaşa bilər. Bütün hallarda proses qlobal gərginlikdən lokallaşmaya doğru gedir. Bu da ümumi gərginliyin aşağı düşməsilə nəticələnə bilər. Lakin müharibə ehtimalı da hələlik gündəmdən çıxmayıb”.
Rüfət Sultan