Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı ilk günlərdən ölkədə müharibə və Rusiya ordusu əleyhinə hər hansı bir çıxışa icazə verilmir. Hətta belə çıxışlara görə cinayət məsuliyyəti də nəzərdə tutulub.
Bu fonda şimal ölkəsində fəaliyyət göstərən bütün televiziya kanalları ancaq Rusiya ordusunun Ukraynadakı fəaliyyətini müsbət işıqlandıran süjetlər hazırlayırlar. Rusiya dövlət siyasətinin ana xəttini məhz Moskvanın atdığı addımın doğru olduğu fikirləri təşkil edir. Bununla belə, son günlər nədənsə Rusiya kanalları fərqli fikirlərə də yer ayırmağa başlayıb. Özü də bu fərqli fikirlər Kremlə bağlı ekspertlər tərəfindən səsləndirilir.
Bu günlərdə Rossiya-1 dövlət kanalında rus şovinizminə xidmət edən "60 dəqiqə” verilişində rusiyalı hərbi ekspert Mixail Xodaryonok bildirib ki, Rusiya ordusunun Ukraynaya qarşı müharibə aparmaq üçün texniki imkanları çatmır, silahları köhnədir və texnoloji baxımdan geri qalır. Əvəzində o da etiraf edib ki, Ukrayna ordusu NATO ölkələrinin ən müasir silahları ilə təhciz olunub. Bu fikirlər əslində Rusiyanın rəsmi siyasətinin ana xəttinə tamamilə zidd olan fikirlərdir. Onda sual yaranır ki, Kreml indiki vəziyyətdə nədən öz ana xəttinə zidd olan fikirlərin dövlət kanalında səslənməsinə imkan yaradıb? Dövlət kanalında belə bir fikrin yer alması ilk növbədə Ukraynada həyata keçirdiyi əməliyyatın uğursuz olduğunun, istənilən nəticənin alınmadığının Kremlin özü tərəfindən etirafıdır. Bu etirafda bulunmaqla Kreml rəhbərliyi həm də yəqin ki, uğursuzluğa görə ölkənin müdafiəsinə cavabdeh olanları cəzalandırmaq üçün zəmin hazırlayır. Belədə uğursuzluğa görə məsuliyyətin məhz sözügedən sahəyə cavabdeh olanların üzərində olduğunu ictimaiyyətin diqqətini çatdırırlar.
Bu mənada belə fikirlərin dövlət televiziyasında yer alması Rusiya müdafiə naziri Sergey Şoyqunun istefasına hesablanmış addım da ola bilər. Hər halda, Ukraynada vuruşan rus ordusunun zəif cəhətlərinin elə Rusiya kanalları vasitəsilə üzə çıxarılması Kreml rəhbərliyilə ordu generalları arasında ziddiyyətlərin olduğunun bariz nümunəsi də sayıla bilər. Ara-sıra xarici ölkə mətbuatlarında Ukrayna məsələsində Putinlə bir sıra generallar arasında fikir ayrılığının olduğu, hətta bu müstəvidə hərbçilərin hərbi çevrilişə gedə biləcəyi barədə fikirlər də yer alır. Görünür, bu təhlükənin real olmasının nəticəsidir ki, Putin çevriliş cəhdini önləmək və buna cəhd edənlərə qarşı cəmiyyətdə mənfi rəy formalaşdırmaq üçün telekanallarda rus ordusunun aşağılanması siyasətinə yaşıl işıq yandırıb. Hər halda, mövcud qadağalar fonunda rəsmi dövlət kanalında Rusiya ordusunun imkanlarının aşağı olduğunun etirafı birmənalı şəkildə ölkənin yüksək çinli məmurları arasında Ukrayna məsələsində ciddi ziddiyyətlərin olduğunu göstərir.
Rüfət Sultan