
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Mahmud Əhmədinejatı qəbul edib.
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Mahmud Əhmədinejatı qəbul edib. Moskvada keçirilən görüşdə tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Qaz ixrac edən ölkələrin Moskvada keçirilmiş iki günlük beynəlxalq forumu çərçivəsində baş tutan görüşdə Putin ölkəsinin İranla Xəzər regionunda qonşu olduğunu və hər iki ölkənin ortaq maraqlarının mövcudluğundan danışıb.
Rusiya prezidenti, Vladimir Putin hər iki ölkənin ortaq maraqları olduğunu deyib: “Rusiya və İran dünyada ən çox təbii qaz ehtiyatlarına malik ölkələrdir. Təbii ki, bizim ortaq maraqlarımız və ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün imkanlarımız var”.
İki prezidentin görüşündə nüvə enerjisi məsələsi də müzakirə mövzusu olub. Çıxışı zamanı Putin bu sahədə əməkdaşlığın genişləndirilməsinə zəmanət verdiyini bildirib.
Əhmədinejat da, həmçinin çıxışı zamanı rəsmi Tehranın yeni nüvə enerjisi layihələri üzrə planlar qurduğunu qeyd edib. “Nüvə enerjisi sahəsində qarşılıqlı münasibətlərimizlə əlaqədar onu demək istərdim ki, sizin İstanbulda verdiyiniz vədlərə artıq əməl olunur. Buşehr şəhərindəki nüvə enerjisi stansiyasının tikintisi artıq başa çatıb və enerji istehsal edir. Düşünürəm ki, biz bu sahədə öz əməkdaşlığımızı davam etdirər və yeni stansiyalar tikə bilərik” - deyə İran prezidenti, Mahmud Əhmədinejat bildirib.
Daha sonra prezidentlərin görüşü bağlı qapılar arxasında davam edib.
Qaynar.info