"Putin öz xarakterinə uyğun davranıb və bu əsasda özü ilə bərabər Rusiyanı da cəhənnəmə sürükləyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdəki son çıxışında Ukraynada başladığı müharibəni dayandırmaq fikrində olmadığını nümayiş etdirməsinə münasibət bildirərkən deyib:
"Rusiya rəhbəri Federal Məclisdə nə qədər böyük iddialarla çıxış etsə də, hər kəsə bəllidir ki, bunlar Moskvanın imkanları çərçivəsində deyil. Çünki bu gün Rusiya Ukraynaya qarşı deyil, bütün Qərb dünyasına qarşı döyüşür. Ümumiyyətlə, 50-yə yaxın ölkə Rusiyaya qarşı antikoalisiyada iştirak edir.
Federal Məclisdə Putinin çıxışını dinləyən elitanın fizionomiyasına diqqət yetirdikdə onların bu çıxışdan o qədər də məmnun qalmadığını da görmək olardı. Putindən Rusiyanın gələcəyilə bağlı hansısa açıqlamalar gözləyən elita böyük xəyal qırıqlığına uğradı. Bunu insanların üz cizgilərində də görmək mümkün idi. Onlar Putinin Rusiyanı öz arxasınca cəhənnəmə sürükləməsini müşahidə etdilər. Rusiyanın Qərbə qarşı mübarizədə Çinin ona ciddi anlamda hərbi yardım edəcəyini gözləməsi də yersizdir. Çin bu addıma getməyəcək. Bir sözlə, Rusiyanın müharibədən qələbə ilə çıxmaq şansları "sıfıra” bərabərdir”.
Qeyd edək ki, Vladimir Putin Federal Məclisdə etdiyi son çıxışında da əsas diqqəti Ukrayna ilə müharibə məsələsinə yönəltdi. Belə ki, onun bu çıxışı daha çox müharibəyə, hücumlara, səfərbərlik və silahlara həsr edilmişdi. Bu çıxış açıq şəkildə göstərdi ki, Putin ölkəsi uçuruma getsə də, Ukraynadakı müharibəni dayandırmaq fikrindən uzaqdır.
Rüfət Sultan