Xəbər lenti

Putin Rusiyanın Qərbə qarşı qəti qələbəsinə niyə inanır və bu inamı ona kim verir?
Dünya 16:25 29.05.2025

Putin Rusiyanın Qərbə qarşı qəti qələbəsinə niyə inanır və bu inamı ona kim verir?

Vladimir Putin yalnız Ukrayna üzərində deyil, bütövlükdə Qərb üzərində strateji qələbənin mümkünlüyünə inanır. Bu inamı ona məhz avropalılar və amerikalıların öz davranışları aşılayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Atlantika Şurası nəzdində Skoukroft Strategiya və Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Endryu A. Mixta "19fortyfive” portalında yazıb.

Analitik qeyd edir ki, Qərb Rusiyanın Ukraynaya təcavüzünün əsl səbəbləri barədə köklü şəkildə yanılır. Nə Ukraynanın bəzi ərazilərinə iddialar, nə rusdilli əhalini "qorumaq" bəhanəsi, nə də Ukraynanın NATO-ya üzvlük perspektivi heç vaxt Rusiyanın əsl niyyətlərini gizlətmək üçün uydurulmuş ritorikadan artıq olmayıb.

Mixtanın fikrincə, Putinin yeganə məqsədi – Rus İmperiyasını bərpa etmək və ABŞ-ı Avropadan tamamilə sıxışdıraraq bu qitəni öz təsir dairəsinə çevirməkdir. Ukraynaya hücum bu məqsədə gedən yolda sadəcə ilk addım olub – Putin özünün "rus dünyası" adlandırdığı məkanın "daxili nüvəsini" bir dövlət halında birləşdirmək istəyib.

Mixta yazır ki, Donald Tramp və onun administrasiyası öz sülhməramlı təşəbbüslərində Putinin guya insan həyatını qorumaq üçün qırğınlara son qoymaqda maraqlı olduğuna dair yanlış təsəvvürə əsaslanır. Onlar hesab edirlər ki, ərazi güzəştləri və Ukraynanın neytrallığına dair zəmanətlər Moskvaya bəs edəcək və müharibəni dayandıracaq. Lakin əgər Putinin əsl məqsədlərinə nəzər salsaq, aydın olur ki, bu cür yanaşmalar niyə onun üçün maraqsızdır – çünki ABŞ-ın təklifləri aqressorun hədəflərinə toxunmur.

Analitik bildirir ki, Qərb təkcə Putinin strateji niyyətlərini deyil, həm də onun zəif cəhətlərini düzgün qiymətləndirmir. Avropa və ABŞ bu müharibəyə insan həyatını və resursları məhv edən faciə kimi baxır. Amma Mixtanın sözlərinə görə, Kreml üçün bu itkilər heç vaxt əhəmiyyət kəsb etməyib. Putin nə rus əsgərlərinin həyatına, nə də Rusiyanın iqtisadi itkilərinə əhəmiyyət verir.

"Bu rus imperiyası uğrunda aparılan müharibə yalnız o zaman dayana bilər ki, Rusiya qəti məğlubiyyətə uğrasın və bu məğlubiyyət Putinin daxildəki rejiminə birbaşa təhlükə təşkil etsin", – deyə ekspert vurğulayır və əlavə edir ki, sanksiyalar Kremli qorxutmur.

Daha da irəli gedərək Mixta bildirir ki, Vaşinqtonun diplomatik danışıqlar yolu ilə sülhə nail olmaq cəhdlərinə, o cümlədən Ukraynaya göstərilən təzyiqlərə diqqət ayırması Putinə zamanın onun tərəfində olduğu barədə əminlik verir.

"Tramp administrasiyasının artıq Rusiyanı təcriddən çıxarması, eyni zamanda Ukraynaya danışıqlara getmək üçün təzyiq göstərməsi Moskvaya siqnal verir ki, onun strategiyası işləyir. Rusiya üçün Avropanın təhlükəsizlik mənzərəsini yenidən qurmaq məqsədi artıq real görünür. Putin isə getdikcə daha çox inanır ki, müasir Qərb demokratiyalarının savaşmaq iradəsi yoxdur. Bu səbəbdən onun imperiya hökmranlığını və təsirini bərpa etməyə yönəlmiş strategiyası məhz öz şərtləri ilə qələbəyə aparan yol kimi görünür", – deyə Mixta yekunlaşdırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->