Xəbər lenti

Putin sonunda Trampı da özündən çıxardı:
Dünya 12:05 26.05.2025

Putin sonunda Trampı da özündən çıxardı: "O, tamamilə dəli olub"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini sərt şəkildə tənqid edərək onu dəlilikdə və Ukraynanın dinc sakinlərini əsassız şəkildə qətlə yetirməkdə ittiham edib.

Qaynarinfo-nun məlumatına görə, o, "Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, əvvəllər Putinlə münasibətləri çox yaxşı olub, lakin indi "ona nəsə olub”.

"O, tamamilə dəli olub! Lazımsız yerə çox sayda insanı öldürür. Və mən təkcə əsgərləri nəzərdə tutmuram. Raketlər və pilotsuz uçuş aparatları Ukraynadakı şəhərlərə heç bir səbəb olmadan atılır”, – deyə Tramp Ukraynaya qarşı son kütləvi hücumlara münasibət bildirib.

Tramp əlavə edib ki, Putin Ukraynanın tamamını ələ keçirmək istəyir, lakin bunun Rusiya üçün faciəvi nəticələri olacaq:

"Mən həmişə demişəm ki, o, Ukraynanın bir hissəsini yox, hamısını istəyir. Ola bilər ki, bu, həqiqətə çevrilsin, amma əgər bu baş versə, bu, Rusiyanın süqutuna gətirib çıxaracaq”.

Eyni zamanda Tramp Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edib və bildirib ki, onun açıqlamaları ölkəsinə fayda vermir:

"Prezident Zelenski də danışığı ilə ölkəsinə xeyir gətirmir. Onun dediyi hər söz problem yaradır. Bu mənə xoş gəlmir və yaxşı olar ki, bu, dayansın”.

Tramp bir daha öz sevimli fikrini təkrarlayıb ki, əgər prezident olsaydı, Ukrayna müharibəsi heç vaxt başlamazdı:

"Bu, Zelenskinin, Putinin və Baydenin müharibəsidir, Trampın yox. Mən isə bu müharibəni dayandırmaq üçün kömək etməyə çalışıram”.

Qeyd edək ki, mayın 24-dən 25-nə keçən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. Müxtəlif tipli yüzlərlə dron və raket atılıb. Nəticədə ən azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, qadınların və uşaqların evlərində məqsədsiz şəkildə öldürülməsi 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. O, Rusiyanı hücumları dayandırmağa çağırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->