Xəbər lenti

Putin tarixdə fateh kimi qalmaq istəyir, amma reallıq fərqlidir... - Faciəli sonluq
Dünya13:16 22.04.2022

Putin tarixdə fateh kimi qalmaq istəyir, amma reallıq fərqlidir... - Faciəli sonluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya qarşı ildırımsürətli müharibə (blitskrieg) planı alınmadı. Baş tutmayan blitskrieg variantından sonra belə bir sual yaranır - Putinin çantasında yeni planı varmı? Bu savaşda qısa müddətdə minlərlə insan həlak olub, evlər, zavodlar, şəhərlər dağılıb. Bunun əvəzində Kreml nə əldə edib? Faktiki olaraq heç nə. Qazandığı isə odur ki, Rusiya Ukrayna bataqlığından və sanksiyaların yaratdığı problemlər quyusundan çıxa bilmir. Qərbin ciddi sanksiyaları fonunda prezident Putin məğlub olduğunu və onu gözləyən faciəli sonluğu anlayır.
Kremlin sahibinin son addımları onu deməyə əsas verir ki, Rusiya prezidenti artıq ətrafında olanlara da inanmır. Maraqlıdır ki, Ukraynaya hərbi müdaxilə zamanı Putin bütün səlahiyyətləri müdafiə naziri və Baş Qərargah rəisinə həvalə etmişdi. Ümumiyyətlə, müdafiə naziri Şoyqu Putinin ən yaxın silahdaşı və mümkün varisi hesab edilirdi. Baş Qərargah rəisi Valeri Gerasimov isə Putini Ukraynanı işğal etməyə sövbq edən və savaşa rəhbərlik edən əsas adam idi. "Ukrayna savaşı”nın əsas müəlliflərindən biri də məhz Gerasimov idi. Plan baş tutmadı və hər iki hərbiçi rəhbərin gözündən düşdülər. Lakin Putin bu dərəcədə acınacaqlı vəziyyətlə barışmaq istəmir. O, artıq Şoyqu və Gerasimova inanmadığını hər kəsə nümayiş etdirir və savaşa rəhbərliyi birbaşa öz üzərinə götürür. Ali Baş komandan kimi bundan sonra Ukraynaya hərbi müdaxiləyə birbaşa Putin rəhbərlik edəcək. 
Rusiya və Qərb mətbuatının yazdığına görə, Putin yaxın zamanda Kiyevə yenidən soxulmaq və bu əməliyyata birbaşa rəhbərlik etmək, paytaxtı ələ keçirdib, itirilmiş rus əsgəri nüfuzunu bərpa etmək istəyir.
Tanınmış jurnalist Xristo Qrozyev bəyan edib ki, bundan sonra Ukrayna ilə müharibədə göstərişləri Kreml rəhbəri şəxsən özü verəcək:
"Putin başa düşür ki, bu hücum onun özü üçün böyük reputasiya məsələsidir. Ona görə də onun sadəcə olaraq köhnə mövqedə qalması və indi yeni nəsə vəd edən bu insanlara inanması mümkün deyil".
X.Qrozyev onu da əlavə edib ki, öz mənbələrinə görə, Putin artıq heç kimə inanmadığı üçün hər şeyi təkbaşına idarə etməyə və göstərişlər verməyə çalışır:
"O, həqiqətən də indi özü prosesdə iştirak etməyə və əsl baş komandan olmağa çalışır. Bu, çox maraqlı olacaq. Müharibənin yeni stadiyasında Putin heç kimə inanmır və əmri özü verir”. 
Bir sözlə, Kiyevi almaq Putin üçün olum-qalım məsələsidir. RF prezidenti belə hesab edir ki, məhz, Kiyevi almaqla özünü və Rusiyanı xials edə bilər. Şəhərə hücuma bu dəfə o özü rəhbərlik etmək və sərkərdəlik qabiliyyətini nümayiş etdirmək, tarixdə fateh kimi qalmaq istəyir. 
Amma reallıq fərqlidir. Putin bu gün tam təcrid şəraitində yaşayır. Onun ətrafında alternativ fikir söyləyə biləcək bircə nəfərin də olmadığını qabardan Qərb təhlilçiləri hesab edir ki, Putinin təkbaşına hərbi əməliyyatlara rəhbərlik etməsi faciəli sonluqla yekunlaşa bilər. Belə ki, Kiyevə hücum bu dəfə də uğursuz olarsa, Putin nüvə silahı hədəsini də gerçəkləşdirə bilər. Kənardan görünən odur ki, Putin artıq adekvat deyil və onun orduya birbaşa və əməli rəhbərliyi də müsbət perspektiv vəd etmir. 
Burada bir məqama da diqqət çəkmək lazım gəlir. Putinin orduya birbaşa özünün nəzarət etməsi Baş Qərargah rəisi ilə Ali baş komandan arasında münaqişəni açıq fazaya keçirə bilər. Yəni, Putin artıq generallar ilə üz-üzə qala bilər. Bunu anlayan RF prezidenti nəyin bahasına olursa-olsun Kiyevə hücuma rəhbərlik edərək, qələbə qazanmaq və ona qarşı hazırlanan qiyam cəhdlərinin qarşısını almaq istəyir. Bu baxımdan, yalnız Rusiyanı deyil, eyni zamanda Ukraynanı qarşıda çox ağır və çətin döyüş gözləyir. 
Əgər Putin Kiyev uğrunda döyüşdə dinc əhalinin kütləvi qırğınına hesablanmış addımlar atsa, artıq onun xilası da imkansız olacaq. Bu baxımdan, Rusiyada hakimiyyətin dəyişməsinin modelləri barədə artıq çoxları düşünür. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, iqtisadi sanksiyalar nəticəsində adi vətəndaşların durumu pisləşəcək və Rusiya xalqı ayağa qalxacaq, kütləvi mitinqlər təşkil edəcək, Ukrayna avantürası nəticəsində milyardlarını itirən oliqarxiya isə etirazçılara dəstək verəcək və RF-də hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Lakin Rusiyanı təhlil edən araşdırma mərkəzləri vurğulayırlar ki, "xarici düşmən”, "imperiya maraqları” və "velikorus şovinizmi” vətəndaşları Putin ətrafında birləşdirə bilər. Nə qədər ki Rusiya ağır məğlubiyyətə uğramayıb, bu ölkədə izdihamlı xalq etirazlarının baş tutacağı ehtimalı olduqca azdır.
Lakin Putin oliqarxlardan sonra artıq hərbçiləri də qurban verməyə başlayıb. Bu amil isə ciddi narazılıqlara səbəb olur. Ölkənin hərbi və siyasi elitası Putini devirməklə özlərini və ölkəni xilas edə biləcəklərini düşünürlər. Lakin bu məsələ hərbiçilərlə yekunlaşa bilməz. Rusiya hərbiçiləri öz imiclərini Ukraynada dəfn etdilər. Ancaq bu plan siyasi elitanın dəstəyi ilə reallaşa bilər. Belə olan təqdirdə, plana görə, yalnız Putin özü gedə, komanda isə qala bilər. Yəni, yeni hakimiyyət eynilə qalır (kosmetik dəyişikliklər olur), sadəcə, Putini yeni sima əvəzləyir, hakim elitanın maliyyə və təsir imkanları olduğu kimi saxlanılır. Qərb də Rusiyada hakimiyyətin bu üsulla dəyişdirləməsinə üstünlük verə bilər. Çünki bu halda ölkədəki nüvə silahları üzərində nəzarət tamamilə təmin oluna bilər. Lakin burada fərqli senari də işə düşə bilər. Ukraynada məğlub olduğunu dərk edən Putin döyüşlərin Ukrayna sərhədlərindən kənara çıxmasına çalışa bilər – yəni, Moldova, Gürcüstan, Orta Asiya ölkələrinə hərbi müdaxilə! Onun çıxışlarında belə əhval hiss edilməkdədir. İstisna deyil ki, Kreml savaşın miqyasını daha da genişləndirib, NATO ilə birbaşa qarşıdurmaya gedə bilər. Rusiyanın NATO üzvü olan Baltik ölkələrinə qoşun yeritmək təhdidi hər halda boşuna səsləndirilməyib. Bu, NATO ilə böyük bir müharibə riski anlamına gəlir. Belə ki, alyansın nüzamnaməsinin beşinci bəndinə görə, bu qurumun üzvü olan hər hansı ölkəyə hücum bütün üzv ölkələrə hücum kimi qiymətləndirilir. Amma Putin bunu hakimiyyətdə qalmağın yeganə yolu hesab edərsə, belə bir riskə gedə bilər. Bu, nüvə silahlarından istifadə məsələsinə də aiddir. Ekspertlərin çoxu nüvə silahlarının işə salınmayacağını düşünsə də, Rusiyanın hərbi doktrinası buna icazə verir. Ukraynaya hücuma başlayanda Vladimir Putin "hər cür nəticəyə hazırıq" demişdi. 
Qərb siyasi dairələri bəyan edirlər ki, Putinin yerinə daha mötədil bir şəxs hakimiyyətə gələrsə, sanksiyalar aradan qalxa bilər. Həmin mötədil şəxsin hakimiyyətə gəlmək şansı nə qədərdir? Bu məsələ Qərbin qətiyyətindən asılıdır. Rusiya ziyalıları da anlayırlar ki, Putini yaxşı aqibət gözləmir, onun xilası imkansızdır. Məsələ ondadır ki, artıq oliqarxlar da Rusiyada prezidentə qarşı çıxırlar, onun siyasətinə açıq etiraz edirlər. Nəzərə alaq ki, hərbi, siyasi, iqtisadi elitanın  maraqlarının üst-üstə düşməsi Rusiya siyasətində nadir hadisədir.
Azər Rəşidoğlu