Dünya 10:42 28.05.2022

Putin üçün növbəti tələ: Qərb rus iş adamları ilə sövdələşir

Ukraynaya hərbi müdaxilə Moskva üçün ciddi problemlər yaradır. Qərbin sanksiyalarından yalnız dövlət deyil, rus iş adamları da ciddi zərər görür. Qərb siyasi dairələri rus iş adamlarına əmlaklarının bir hissəsini Ukraynanın bərpasına köçürtməyi və bununla da sanksiyalardan xilas olmağı təklif edib.  Belə bir təşəbbüslə Kanada baş nazirinin müavini, maliyyə naziri Kristia Frilandın çıxış edib. O, bu təklifi G7 ölkələrinin toplantısında səsləndirib.
 
Məlumata görə Ukrayna tərəfi də bu müzakirələrdən xəbərdardır. Qeyd edək ki, Qərbdə rus oliqarxlarının bütün əmlakının müsadirə edilərək, Ukraynaya yönəldilməsi ciddi müzakirə edilir. Qərb siyasi fənd işlədir və artıq Kreml ilə deyil, sanksiyalardan ciddi zərər görən rus iş adamları ilə birbaşa danışıqlara gedir və onlarla kompromis əldə edə biləcəyini nümayiş etdirir. Qərb ölkələri rus oliqarxlarının xaricdəki əmlaklarına sanksiya tətbiq edəndə düşünürdülər ki, bu addım Rusiya daxilində geniş imkanlara malik iş adamlarını Putinə qarşı qiyama sövq edəcək. Lakin Ukraynada müharibənin başlanmasından 3 ay keçsə də, sankskiyalara məruz qalan, xaricdəki aktivlərini itirən oliqarxlar hələ də Kreml rəhbərliyi əleyhinə hansısa konkret təpki və təhdidlərə keçməyiblər. Bu isə onu göstərir ki, Putin onları neytrallaşdırmağı bacarıb. Qərb rus oliqarxlarına münasibətdə mövqeyini dəyişərək onlara qoyulan sanksiyaları yumşaltmaq istəyir və beləliklə də Putini təkləmək niyyətini göstərir. İş adamlarına çıxış yolu da göstərilir -  "milyonlarını xilas etmək istəyirsənsə, əmlaklarının bir hissəsindən Ukraynanın xeyrinə imtina etməlisən”.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Nəsimi Məmmədli Qərbin rus oliqarxlarına münasibətdə atmaq istədiyi jesti siyasi məqsədlərə xidmət edən addım kimi dəyərləndirib: "Qərb çalışır ki, Putinlə rus oliqarxlarının münasibətini tamamilə korlaısn. Qərb liderləri açıq bəyan edirlər ki, onların əsas problemi Rusiyanın siyasi hakimiyyəti ilədir, onlar rus iş adamlarına qarşı deyillər. Bu addımlar əslində müəyyən təbliğat formasıdır. Bu fikirlərin arxasında Rusiya daxilində narazılığı artırmaq, Putinə qarşı fərqli münasibətlər sistemi yaratmaq niyyəti var”. 

Lakin həmsöhbətimiz Qərbin bu gedişinin də alınmayacağı qənaətindədir:"Bu addımın müsbət nəticə verəcəyi real deyil. Qərb rus oliqarxlarını Putindən ayıra, ona qarşı qoya bilməyəcək. Rusiyadakı milyarderlər məhz Putin adminstrasiyasının dəstəyilə bu mövqeyə gəlib çatıblar. Putinə yaxın olmayanların bu ölkədə böyük pullar qazanması mümkün deyil”.

Rüfət Sultan