Kreml "rusdilli əhalini qorumaq” adı altında Qərbdə müharibə apararkən, şərqdə – elə Çin daxilində – rus kimliyi faktiki olaraq yox olub. Əvvəllər Çin hökuməti tərəfindən rus mədəniyyətinin dayağı kimi yaradılmış Enhe qəsəbəsində artıq heç kim rus dilində danışmır.
Qaynarinfo xəbər verir ki, bu barədə reportyoru qəsəbəni ziyarət edən "The New York Times" yazır.
Enhe Çin şimalında, Daxili Monqolustan muxtar ərazisində yerləşir. Qeyd olunur ki, XVII əsrdə bu ərazidə ruslar üstünlük təşkil edirdi. Lakin illər ərzində çinlilər, monqollar və digər sakinlərlə qarışıq nikahlar nəticəsində Enhe rusları öz ata-babalarının dili, ənənələri və pravoslav xristian inancıyla əlaqəsini itirib.
Qəsəbə rəhbəri Li Pen rus köçkünlərinin nəslindən olub və Çin Kommunist Partiyasının üzvüdür. O deyib: "Bir neçə ildən sonra biz Çinin hər hansı digər yerindəki insanlar kimi olacağıq".
Onun fikrincə, rus kimliyinin tədricən yox olması Çin dövlətinin etnik azlıqlar siyasətinin nəticəsidir: bu siyasət müxtəlif etnik qrupları vahid və bölünməz Çin daxilində birləşdirməyə yönəlib.
Qəsəbədə indi cəmi 2,895 nəfər yaşayır və onların 40%-dən çoxu rəsmi olaraq etnik rus kimi qeydiyyatdadır. Lakin rəsmi şəxslərin sözlərinə görə, əksər sakinlər artıq çin dilindən başqa dildə danışmırlar.
Əvvəl burada olan pravoslav kilsəsi də yoxa çıxıb. Qəsəbənin mərkəzindəki taxta binanın qızılı kupolunun üzərindəki xaç sökülüb. Yerli rəsmilər əvvəllər onun orada olduğunu inkar etsələr də, köhnə fotolarda xaç aydın görünür.
Məqalənin müəllifi yazır: "Enhe tarixçəsi müasir geopolitikanın dərin ikiüzlülüyünü göstərir. Vladimir Putin Ukraynaya hücumunu "rusdilli əhalinin qorunması” ilə əsaslandırır, lakin eyni zamanda Çinə sərhədsiz dostluq nümayiş etdirir – orada isə rus dili və mədəniyyəti məqsədyönlü şəkildə dövlət tərəfindən məhv edilir".
Aydın
Şərhlər