"Rusiyanın Donald Trampla Vladimir Putinin görüşü yeri kimi Əl-Riyadla BƏƏ-i potensial namizəd kimi nəzərdən keçirməsi Kremlin sanksiyalar dövründə bu ərəb ölkələrilə sıx əməkdaşlığa can atmasından qaynaqlanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib:
Əlimusa İbrahimov bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında proqnozlaşdırılan görüş siyasətçilər və aparıcı dövlətlərin diqqəti mərkəzindədir:
"Çünki bu görüşdə qəbul ediləcək qərarlardan az qala dünyanın bundan sonrakı taleyi asılıdır. Görüşün keçiriləcəyi yer barədə müxtəlif təkliflər ortalığa atılır, bir sıra ölkələrin adları çəkilir. Təbii ki, görüşün baş tutacağı qətiləşdirildikdən sonra məkanı da iki ölkə rəhbəri müəyyən edəcək".
Ekspertə görə, Moskvanın bu seçiminə iki amil səbəb ola bilər:
"Putinin görüş yeri kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirdiyi barədə məlumatlar verilir. Moskvanın görüş məkanı olaraq etdiyi bu seçimə düşünürəm ki, Trampın özü də etiraz etməz. Çünki bu iki ərəb ölkəsi ilə indiki ABŞ administrasiyasının çox yaxın münasibətləri mövcuddur. Görüş yeri məsələsində ikinci səbəb isə Putinin sanksiyalar məngənəsində olduğu bir zamanda aparıcı ərəb ölkələri ilə münasibətləri daha da yaxınlaşdırmaq istəyi dayana bilər. Trampın bu ölkələrlə münasibətləri inkişaf etdirmək istəyi Putini də adekvat addımlar atmağa məcbur edir".
Lakin həmsöhbətimiz düşünür ki, Tramp görüş yeri olaraq Putinin seçdiyi bu məkanları qəbul etməyəcək:
"Trampın bu ölkələrin birini Putinlə görüş yeri olaraq seçəcəyini ehtimal etmirəm. Çünki təklif Putindən gəlib. Tramp isə özü təklif verməyə öyrəşmiş prezidentir, nəinki irəli sürülən təklifləri qəbul edən".
Qeyd edək ki, "Reuters"in məlumatına görə, Moskva ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün görüşü üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini potensial məkan kimi nəzərdən keçirir. Tramp və Putin hər iki ölkənin rəhbərləri ilə dost münasibətlər saxlayır.
Rusiya mənbələrinə görə, son həftələrdə Rusiya rəsmiləri Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlər edib. Amma o da qeyd edilir ki, Rusiyada bu ideyaya qarşı hələ də müəyyən müqavimət var. Xüsusilə bəzi diplomatlar və kəşfiyyat əməkdaşları Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-la sıx hərbi və müdafiə əlaqələrinə malik olduğunu vurğulayırlar.
Rüfət Sultan
Şərhlər