Xəbər lenti

Putindən “Rusiya qəhrəmanı” adını aldı, 9 gündən sonra qətl törətdi
Dünya14:49 11.01.2024

Putindən “Rusiya qəhrəmanı” adını aldı, 9 gündən sonra qətl törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 74-cü əlahiddə motoatıcı briqadasının komandirinin müavini, Rusiya qəhrəmanı, üç "İgidlik” ordenli İrek Maqasumovun barəsində cinayət işinin istintaqı yekunlaşıb. O, 18 yaşlı Luqansk sakinini qətlə yetirməkdə və eyni zamanda xuliqanlıqda ittiham olunub. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.
"Kommersant” öz mənbələrindən əldə etdiyi məlumata əsaslanaraq yazır ki, müstəntiqlər son ana qədər işin daha az ağır – ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə yenidən təsnifləşdirilməsinin mümkünlüyünü istisna etmirdilər. Amma sonda polkovnik-leytenantın ilkin ittihamı təsdiq olunmaqla yanaşı, həm də xuliqanlıq maddəsi əlavə edilib: istintaqın məlumatına görə, Maqasumov qətli törətdikdən dərhal sonra digər hərbçilərlə münaqişəyə girib və özündən daha aşağı rütbəli zabitin əlindən "Niva” markalı avtomobili alaraq sürüb gedib. 
Təqsirləndirilən şəxsin vəkilləri istintaq orqanlarının izaholunmaz tələskənliyindən şikayət ediblər. Dekabrın 30-da istintaq hərəkətlərini başa çatdıran Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi Moskvada 235-ci Qarnizon Hərbi Məhkəməsinə ərizə ilə müraciət edərək, Maqasumovun müdafiəçilərinin iş materialları ilə tanış olma müddətinə məhdudiyyət qoyulmasını xahiş dib. Yanvarın 10-da isə məhkəmə bu vəsatəti baxılması üçün qəbul edib.
Maqasumovun ittiham olunduğu qətl 2023-cü il avqustun 11-də Luqanskda törədilib. Doqquz gün əvvəl polkovnik-leytenant Rusiya qəhrəmanı "Qızıl Ulduz”unu Rusiya Prezidenti Vladimir Putinin əlindən alıb. Luqanskdakı "Panorama" barında mükafatı qeyd edərkən zabit və tabeliyində olan iki nəfər 18 yaşlı iki yerli qızla tanış olub. Əsas versiyaya görə, qızlardan biri ona yaxınlıqdakı parkda tapança atmağa icazə verməsini xahiş edib. Və güllələrdən biri onun döş qəfəsinə dəyib, aortasını deşib və qan itkisindən ölümə səbəb olub. Təqsirləndirilən şəxsin müdafiəçiləri iddia edir ki, Maqasumov həmin an hadisə yerində olmayıb və təsadüfi atəş bu barədə etirafa imza atan baş leytenant tərəfindən açılıb.
Nizami Bağırov