Ukrayna savaşı başlayan gündən bir-sıra ekspertlər Rusiya prezidenti Vladimir Putinin tezliklə qiyam nəticəsində hakimiyyətdən gedəcəyini proqnozlaşdırırlar. Qərb siyasi analitiklərinin əksəriyyəti Putinin artıq "tükdən asılı” olduğunu iddia edirlər. Lakin Ukrayna istiqamətində ciddi problemlərlə üzləşməsinə baxmayaraq, Putin ölkə daxilində öz mövqeyini qoruya, hətta gücləndirə bilib.
Rusiya ordusunun Ukraynada çətin duruma düşməsi Rusiya daxilində Putinin reytinqinə geniş mənada mənfi təsir göstərməyib. Belə olan halda, görəsən onun devrilməsi planı hələ də qüvvədədirmi?
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, belə bir plan qüvvədədir, lakin onun həyata keçirilməsi mexanizmi faktiki olaraq mövcud deyil:
"Çünki rusların ictimai şüurunda Leninin də dediyi kimi, "velikorus şovinizmi sindromu” hökm sürür. Ruslar özlərini dünyanın ağası hesab edir. Putin də bundan bacarıqla istifadə edir. Rusiyada hakimiyyətin təşkili mexanizmi elədir ki, zorla iqtidar dəyişikliyinin baş verməsi mümkün deyil.
Putin bütövlükdə ölkədə cərəyan edən proseslərə nəzarət edir. Düzdür, ölkədə müəyyən narazılıqlar var. Amma narazı kütlənin böyük hissəsi xaricə gedib. Daxildə qalanlar isə susmağa üstünlük verir. Bu baxımdan, Putinin devrilmə planı xarici ölkələrdə qüvvədə qalsa da, Rusiya daxilində yaxın vaxtlarda həmin istəyin həyata keçirilməsi çətindir”.
Rüfət Sultan