Məşhur amerikalı analitik Fərid Zəkəriyyə "The Washington Post” qəzetindəki köşə yazısında Rusiya ilə müharibənin növbəti mərhələsində Ukraynanı hansı təhlükələrin gözlədiyi haqqında yazır.
Ukraynanın Rusiyanın hücumuna cəsarətli və parlaq cavabı bütün dünyada haqlı olaraq qeyd olunur. Lakin bu, diqqəti artan təhlükədən yayındıra bilər. Kiyev və ətraf rayonlara hücum uğursuz olsa da, Moskvanın Ukraynanın cənub və şərqindəki strategiyası müsbət nəticə verə bilər. Əgər bu baş verərsə, Rusiya Ukraynanı iqtisadi cəhətdən zəif, dənizə çıxışı olmayan, üç tərəfdən Rusiya hərbi qüvvələri tərəfindən təhdid edilən və buna görə də Moskvanın yeni işğalına həmişə həssas olan dövlətə çevirəcək. Belə fəlakətli nəticənin qarşısını almaq üçün Qərbdən daha çox hərbi yardım tələb olunacaq.
Fərid Zəkəriyyə
Hərbi alim və strateq Kan Kasapoğlunun Qudzon İnstitutu üçün yazdığı məqalədə qeyd edir ki, müharibənin ilk həftələrində aydın şəkildə müşahidə edildiyi kimi, Ukraynada biri şimalda və biri cənubda olmaqla iki fərqli müharibə gedir. Şimaldan fərqli olaraq cənubdakı müharibə Moskva üçün uğurlu olub. Rusiya Krımdakı bazalarından qoşun və silah-sursat daşıyaraq Melitopol və Xerson kimi şəhərləri işğal edə bilib. Mariupol hazırda Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb və orada olan Ukrayna qüvvələri dəstəkdən məhrumdurlar. Azov dənizinə Ukraynanın çıxışı bağlanıb və Kasapoğlunun da qeyd etdiyi kimi, rus qoşunları Krımdan Donbasın dərinliklərinə qədər fasiləsiz quru dəhlizinə malikdir. Onlar həm də da Xersondan qərbə - Odessaya yönəliblər.
Odessa mükafatdır. Ukraynanın dünya ilə ticarət etdiyi əsas liman kimi ölkə üçün iqtisadi baxımdan ən vacib şəhərdir. O, həm də simvolik əhəmiyyətə malikdir. Məhz burada, 1905-ci ildə "Potyomkin" döyüş gəmisində (Sergei Eyzenşteynin filmi sayəsində məşhurlaşdı) üsyan baş verdi ki, bu da Çar Rusiyasının sonunun başlanğıcı oldu. Odessa süqut etsəydi, Ukraynanın faktiki olaraq dənizə çıxışı qalmayacaq və Qara dəniz mahiyyət etibarı ilə Rusiya gölünə çevriləcəkdi. Böyük ehtimalla, bu, Moskvanı hərbi qüdrətinin çoxsaylı rusdillilərin separatçı bölgəsi (Dnestryanı) olan Moldovaya genişləndirməyə sövq edəcək.
Rusiya prezidenti Vladimir Putin belə bir nəticəni - rusdilli əhalinin azad edilməsi, böyük şəhər və limanların ələ keçirilməsi və zəif Ukraynanın vassal dövlətə çevrilməsini böyük qələbə kimi təsəvvür edə bilər.
Bu, baş verməməlidir və ukraynalılar bunun qarşısını almaq üçün qızğın mübarizə aparırlar. Ruslar Ukraynanın şərqində - Xersondan Nikolayev şəhəri istiqamətinə irəliləməyə çalışsalar da, şəhər sakinlərinin qeyri-adi cəsarəti buna mane olur. Ukrayna qüvvələri, bu yaxınlarda, heç vaxt istifadə olunmamış Neptun raketləri ilə Rusiyanın "Moskva" raket kreyserini batırdıqlarını bildiriblər. Bununla belə, xatırlamaq vacibdir ki, işğaldan əvvəl Rusiya müdafiə xərclərində Ukraynaya nisbətən 10 qat üstünlüyə malik idi və Putin nəyin bahasına olursa-olsun, müharibəni davam etməkdə qərarlı görünür.
Belə olan halda ABŞ və Qərb nə edə bilər? Yəni indi elədiklərindən savayı. Ukraynanın daha çox silaha ehtiyacı var, xüsusən də ona əhəmiyyətli "asimmetrik” döyüş gücü verən silahlara. Rusiyanın zəif və Ukraynanın güclü tərəflərinin uzaqgörən diaqnostikasını aparan istefada olan general-leytenant Mark Hertlinq mənə izah etdi ki, Ukraynanın ağır rus texnikası ətrafında tez manevr etməyə imkan verəcək daha çox texnikaya - helikopterlər, silahlarla təchiz edilmiş "Hummer”lərə, çoxsaylı reaktiv yaylım atəşi sistemlərinə və hər cür dronlara ehtiyacı var.
Bu münaqişədə Türk pilotsuz uçuş aparatları olduqca təsirli bir silah olduğunu sübut etdi. Hertlinq Ukraynaya daha çox belə silahların, o cümlədən Amerika istehsalı olan kamikadze dronların və kəşfiyyat PUA-ların verilməsinin vacibliyini bildirir.
Qara dənizdə cəmləşmiş Rusiya donanması Odessa üçün böyük təhlükə yaratmaqda davam edir, ya onun mühasirəyə alınması, ya da ukraynalıların arxa cəbhəsinə desant enişi təhlükəsi yaradır. Neptun raketlərinin güman edilən uğuruna baxmayaraq, Ukrayna Rusiya donanmasını dayandıra bilmir. NATO, 1990-cı illərdə Balkan müharibələri zamanı etdiyinə bənzər bir şey etməyi düşünməlidir.
Onlar dəniz embarqosu qoymalı, Rusiya qoşunlarının Ukrayna şəhərlərinə hücuma keçməsinə və ya dəniz vasitəsilə rus qoşunlarının cəbhədə çoxalmasına mane olmalıdırlar. NATO gəmiləri beynəlxalq sularda fəaliyyət göstərməli, bütün gəmilərə NATO qüvvələrinin bölgədə aktiv olması barədə "dənizçilər üçün bildiriş" göndərməli və bu ərazilərə daxil olmamaq barədə xəbərdarlıq etməlidirlər.
NATO-nun birləşmiş qüvvələrinin keçmiş baş komandanı, istefada olan admiral Ceyms Stavridis Bayden administrasiyasının atdığı addımları dəstəkləyir, lakin Qərbi bütün cəbhələrdə daha aqressiv cavab verməyə çağırır. "Ukraynaya qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri verin, - o, tvitində yazıb, - kiberhücumlarda yardım edin və Qara dənizdə Rusiya gəmilərini batırmaq üçün gəmi əleyhinə raketlər verin”.
ABŞ Ukraynaya qarşı işğal başlayandan təxminən 16 milyard dollar yardım paketi ayırıb. Bu arada dünyanın bu il enerjiyə görə Rusiyaya 320 milyard dollar ödəyəcəyi gözlənilir. Bu maliyyə boşluğu mövcud olduğu müddətdə iqtisadi sanksiyalar Putini müharibəni bitirməyə məcbur etməyəcək. Rusiyanı danışıqlar masasına oturtacaq yeganə təzyiq -cənubdakı hərbi məğlubiyyətdir. Putinin A planı iflasa uğrayıb, lakin biz onun B planının işə düşməsinə icazə verə bilmərik.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo