"Putinin açıqlaması Baydenin ictimai rəydəki nüfuzuna zərbə vurmaq məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Prezidenti Putinin ABŞ-dakı seçkilərdə Baydenin qalib gəlməsini arzulaması ilə bağlı səsləndirdiyi fikrini şərh edərkən deyib.
Natiq Mirinin sözlərinə görə, Vladimir Putin ABŞ-da sevilmir:
"Ona ciddi bir antipatiya var və onu düşmən olaraq görürlər. Belə olan halda, Rusiya Prezidentinin seçki öncəsi Baydeni tərifləməsi o anlama gəlir ki, Putinin həmin açıqlaması birmənalı olaraq ABŞ Prezidentinin xeyrinə işləyəcək amil deyil. Ortada bir hiylə mövcuddur. Putin də gözəl anlayır ki, belə bir açıqlama Baydenin əleyhinə işləyəcək siyasi amil rolunda oynaya bilər. Məhz bu səbəbdən Putin Baydenin qalib gəlməsini istədiyini söyləyib. Putindən fərqli olaraq Rusiya hakimiyyətinin digər təmsilçiləri nəinki Trampın seçilməsinə inanır, hətta bunun baş verməsi üçün dəridən qabıqdan çıxırlar. Putinin həmin açıqlaması bilavasitə Baydenin ictimai rəydəki nüfuzuna zərər vurmaq məqsədi daşıyır. Düşünür ki, bu açıqlama az da olsa Baydenin əleyhinə işləyəcək. Ortadakı hiylə bundan ibarətdir”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hazırkı prezidenti Co Baydenin ABŞ seçkilərində qalib gəlməsini istədiyini bildirib, çünki o, keçmiş prezident Donald Trampdan "daha proqnozlaşdırıla biləndir”.
"Bayden daha təcrübəli insandır, proqnozlaşdırıla biləndir, köhnə formasiyanın siyasətçisidir”, - Putin Rusiya mediasına müsahibəsində bildirib.
Rüfət Sultan