Dünya 19:05 19.05.2022

Putinin dostu, Almaniyanın eks-kansleri Şröyderin güzəştləri ləğv edildi

Bundestaqın Büdcə Komitəsi keçmiş kansler Gerhard Şröyderi bəzi xüsusi hüquqlardan məhrum edib. Sanksiyalar onun Rusiya prezidenti Vladimir Putinin siyasətini dəstəkləməsi ilə əlaqədar tətbiq edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Almaniyanın "Tagesspiegel” nəşrinin məlumatında deyilir.

Keçmiş kanslerin ofisinin bağlanması ilə bağlı qərarın da verildiyi bildirilir. Eyni zamanda, Şröyder hələ də pensiya və şəxsi müdafiə hüququna malikdir. Baxmayaraq ki, koalisiya hələ də Almaniyanın beynəlxalq nüfuzuna xələl gətirdiyi üçün pensiyanı ləğv etməyi planlaşdırır.

Şröyder Putinə yaxınlığına və Rusiyanın dövlət şirkətlərində tutduğu vəzifələrə görə ciddi tənqidlərə məruz qalıb. O, "Şimal axını” və "Rosneft” boru kəməri şirkətlərində rəhbər vəzifələrdə çalışır.

Hakim Almaniya Sosial Demokrat Partiyasının (SPD) rəhbərliyi hətta imic risklərinə görə ondan partiyanı tərk etməsini istəyib.

Xatırladaq ki, bu gün Avropa Parlamenti Şröyderə qarşı sanksiyaların tətbiq edilməsinə dair səs verib (https://www.welt.de/politik/ausland/article238847315/EU-Parlament-spricht-sich-mit-grosser-Mehrheit-fuer-Sanktionen-gegen-Gerhard-Schroeder-aus.html ). Qəbul edilən qətnamədə qeyd edilir ki, Şröyder "Rosneft” kimi Rusiyanın enerji şirkətlərinin maraqlarından çıxış etməkdə davam edir. Mətn həmçinin Aİ ölkələrini Rusiyadan pul almağa davam edən iri holdinqlərin avropalı idarə heyəti üzvləri və siyasətçilərinə məhdudiyyətlərin tətbiq edilməsinə çağırır.

Sənəddə Şröyderdən başqa, keçmiş hökumət başçıları, o cümlədən Volfqanq Bule (Avstriya) və Fransua Fiyonun (Fransa) adı çəkilir. Onlar bu yaxınlarda Rusiya şirkətlərində tutduqları vəzifələrdən istefa veriblər. Qeyd edək ki, Avropa Parlamentinin qətnamələri məsləhət xarakteri daşıyır.

Nizami Bağırov