Xəbər lenti

Putinin gözlənilən Türkiyə səfəri: Ankara Qərbə mesaj verir?
Dünya08:06 17.06.2023

Putinin gözlənilən Türkiyə səfəri: Ankara Qərbə mesaj verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya ilə münasibətlər sistemi Ankara üçün xüsusi önəm kəsb edir. Lakin, Putinin səfəri Qərbdə anti-Türkiyə ovqatını gücləndirəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfərini şərh edərkən deyib. 
Polotoloq vurğulayıb ki, bu səfər Türkiyə dövlətinin müstəqil olmasının bariz nümunəsidir. "Haaqada Putinin həbsilə bağlı qərar verilib. Türkiyənin dövlət başçısının Putini ölkəsinə dəvət etməsi onun məsələyə ədalət və həqiqət, dövlət və millətin maraqları kontekstindən yanaşdığının nümayişidir. Putinin adıçəkilən səfəri reallşarsa, bəzi Qərb ölkələri Türkiyə əleyhinə kampaniyaya başlayacaqlar. Ancaq buna rəğmən, Türkiyə özünə o qədər əmindir ki, öz dövlət maraqları kontekstində Putini dəvət edir. Bunun arxasında gələcəyə hesablanmış geosiyasi addımlar da dayanır. Rusiya ilə indiki vəziyyətdə əməkdaşlıq Türkiyənin NATO üzrə müttəfiqlərinə də mesajdır. Onlar heç zaman Türkiyəni ciddi mənada müdafiə etməyiblər, hər zaman terror qarşısında onu tək qoyublar. Bu azmış kimi Türkiyə əleyhinə olan terrorçu ünsürləri bəsləyən, qardaş ölkənin sərhədi boyunca terror dövləti yaratmaq istəyən də Qərbdir. Ona görə də Rusiya ilə münasibətlər sistemi Türkiyə üçün xüsusi önəm daşıyır. NATO müdafiə nazirlərinin dünənki tədbirində Rusiyaya qarşı hərəkətə keçmək, onunla müharibə etməklə bağlı qərara veto qoyan yeganə ölkə Türkiyə olub. Bu da onu göstərir ki, Türkiyə artıq kənar göstərişlərlə idarə olunan dövlət deyil”, deyə Natiq Miri bildirib.
Ekspert Putinin Ankaraya səfəri fonunda müzakirə edilməsi gözlənilən məsələlərə də toxunub: 
"Hər iki dövləti maraqlandıran məsələlər çoxdur. Onlardan biri də Suriya məsələsidir. Böyük ehtimalla, bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Digər tərəfdən, hazırda Rusiya Cənubi Qafqazdan sıxışdırılır. Rusiya Cənubi Qafqazda Qərbin qarşında ciddi mənada dirəniş göstərə bilmirsə, düşünərək ağıllı hərəkət etməklə, regionu Qərbin təsir dairəsinə buraxmaqdansa, Türkiyənin burada güclənməsini istəməlidir. Zəngəzur dəhlizi və Qarabağ probleminin həllinə Moskvanın töhfəsi də müzakirə predmeti ola bilər. Türkiyə ilə Rusiya arasında ticari əlaqələrin artırılması da Ankaranın marağındadır. Sözsüz ki, Ukrayna məsələsi də müzakirə olunacaq. Ankara burada vasitəçilik missiyasını davam etdirir”. 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin razılığa gəliblər. Amma səfərin dəqiq tarixi hələ bəlli deyil. 
Rüfət Sultan