Rusiya mətbuatının yazdığına görə, prezident Vladimir Putin bu gün Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfər edəcək. Bildirilir ki, Putin "Müəllimlər ili”nin açılış mərasiminin keçiriləcəyi "Maşuk” Bilik Mərkəzinə baş çəkəcək, Stavropol diyarının qubernatoru Vladimir Vladimirovla görüşəcək.
O, həmçinin Çeçenistan Respublikasında, Suriyada, Ukraynadakı savaşda fərqlənən və Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüş şagirdləri yetişdirmiş müəllimlərə dövlət mükafatlarını təqdim edəcək, eyni zamanda "Müəllimlər məktəbi"nin iştirakçıları ilə görüşəcək.
Aydın məsələdir ki, Putinin Şimali Qafqaza olan bu səfəri daxili auditoriyaya hesablanmış addımdır. Belə səfərlərlə Putin bir tərəfdən özünün ayaqda olduğunu, proseslərə tam nəzarət etdiyini göstərmək istəyir. Digər tərəfdən, bu kimi jestlərlə Putin ola bilsin sanksiyalar fonunda Rusiyanın ağır duruma düşməsinə baxmayaraq, ölkədə mübariz əhval-ruhiyyənin yüksək olduğu obrazını formalaşdırmağa çalışır. Bununla göstərmək istəyir ki, Qərbin Rusiyanı çökdürmək, əhalini hakimiyyətdən narazı salmaq niyyətləri heç bir real nəticə vermir. Əksinə, müharibə ölkənin daha sıx həmrəyliyinə səbəb olub.
Rusiya prezidenti bu kimi səfərlərlə həm də göstərmək istəyir ki, çətinliklərə rəğmən xalqının yanındadır, Ukrayna ilə müharibə fonunda yaxınlarını itirənlərə hər cür dəstək verməyə hazırdır. Çox güman ki, Putin bu səfəri fonunda gizli də olsa müharibənin getdiyi Ukrayna sərhədinə yaxın ərazilərə səfər edərək, buradakı rus hərbçilərilə də görüşəcək. Putinin bu səfərini həm də 2024-cü il prezident seçkilərinə hazırlıq səfəri kimi də dəyərləndirmək olar.
Rüfət Sultan