"Putinin Türkiyə səfəri təhlükəsizlik nöqteyi-nəzərindən baş tutmur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin növbəti dəfə təxirə salınmasına münasibət bildirərkən deyib.
Eksper bildirib ki, Putinin Türkiyəyə səfərinin növbəti dəfə təxirə salınması heç də dəfələrlə deyildiyi kimi, iş qrafikindəki uyğunsuzluqla bağlı deyil:
"Rusiya prezidenti sadəcə olaraq qorduğundan ölkədən kənara çıxmaqdan çəkinir. Qara dəniz üzərində, geniş bir sahədə, ABŞ və NATO-nun digər dövlətlərinin hərbi təyyarələri dövran edir. Bu da Putini qorxudur. Ona görə də Türkiyəyə gedə bilmir. Məhz bu baxımdan düşünürəm ki, Putinin Türkiyə səfəri təhlükəsizlik tədbirləri nöqteyi-nəzərindən baş tutmur. Regionda gərginlik hökm sürür. Belə bir vəziyyətin hökm sürdüyü şəraitdə Putin birmənalı şəkildə Türkiyə səfər etməkdən çəkinir. Ola bilsin ki, NATO üzvü olan Türkiyəyə bu istiqamətdə müəyyən təzyiqləri var. Səfərin növbəti dəfə təxirə salınmasında bu amilin də rolu ola bilər. Yaranmış vəziyyətdə belə görünür, Putin hələ uzun müddət Türkiyəni ayaq basa bilməyəcək".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bildirildiyinə görə, buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.
Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı. Onu da bildirək ki, artıq üçüncü dəfədir ki, Putinin Ankara səfəri təxirə salınır.
Rüfət Sultan