Xəbər lenti

“Putinin yeni pasport fantaziyaları”nın arxasında nə dayanır?
Dünya10:32 14.07.2022

“Putinin yeni pasport fantaziyaları”nın arxasında nə dayanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevin ölkənin rus qoşunları tərəfindən işğal olunmuş cənub ərazilərinin azad edilməsinə yönəlmiş əks-hücum planlarını elan etməsi fonunda Rusiya prezidenti Vladimir Putin Ukraynanın bütün sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi haqqında fərman imzalayıb.
Ukrayna Xarici İşlər Nazirliyi bu addımı ölkəni ələ keçirmək siyasətinin davamı və "Putinin yeni pasport fantaziyaları” kimi qiymətləndirib.
Əvvəllər Moskva tipli pasportlaşdırma proqramı yalnız "DXR” və "LXR” adlanan ərazilərin sakinlərinə, eləcə də əsasən Rusiyanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərinin əhalisinə şamil edilirdi.
2019-2022-ci illərdə "DXR” və "LXR” əhalisinin təxminən 18 faizi Rusiya pasportu alıb.
Bundan əvvəl ABŞ-da Putinin Xerson və Zaporojye vilayətlərinin sakinlərinə sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının verilməsi ilə bağlı qərarı Ukrayna xalqını ram etmək cəhdi kimi qiymətləndirilib.
Kreml bütövlükdə Ukraynadakı vəziyyətdən qıcıqlanır
Putinin fərmanı vətəndaşlıqla bağlı beynəlxalq hüququn prinsiplərini pozur, politoloq Andrey Okara deyir. Bundan əlavə, onun fikrincə, bu, bir anda bir neçə mənanın gizləndiyi bir mesajdır.
"Fərman elə oxunmalıdır ki, Ukrayna qeyri-dövlətdir, belə bir dövlət prinsipcə mövcud olmamalıdır və buna görə də bütün Ukrayna sakinləri Rusiya Federasiyasının vətəndaşı ola bilərlər, - deyə "Amerikanın səsi”nin rus xidmətinin həmsöhbəti əlavə edib.  – Kreml özünün əsl ambisiyalarını göstərdi – bir dövlət kimi məhv etməklə "Ukrayna adlı tarixi səhvi” düzəltmək. Bu, bir daha Putinin əsl niyyətlərini yenidən canlandırır və hazırda baş verənlərin məqsədlərini işıqlandırır. Kiminsə bu məsələ ilə bağlı illüziyaları varsa, o zaman bununla vidalaşmalıdır”.
Həmçinin, fərman açıq şəkildə təbliğat xarakteri daşıyır, - Andrey Okara qeyd edib. Onun fikrincə, Kreml dünyaya öz dəhşətli kursunu davam etdirməkdə özünün dayanıqlılığını göstərmək və eyni zamanda, münaqişə uzandıqca sayı artmaqda olan şübhəliləri dəstəkləmək istəyir.
"Hətta fərmanda çox yüksək emosional komponent nəzərə çarpır. Bu, bütövlükdə Ukraynadakı vəziyyətlə bağlı Kremlin əsəbiliyini göstərir. Bu, Rusiya qoşunlarının cəbhələrdəki uğursuzluqları və Rusiyanın işğal etdiyi ərazilərdəki silah anbarlarına raket hücumları ilə eyni kontekstdə nəzərdən keçirilməlidir”, - deyə politoloq yekunlaşdırıb.
Rusiya daha bir Pandora qutusunu açacaq
Öz növbəsində, Beynəlxalq sülh üçün Karnegi Fondunun baş elmi işçisi Andrey Kolesnikov hesab edir ki, Putinin fərmanı Kremlin hədəflərinin hələ tam müəyyən olunmadığını təsdiqləyir. Və bu, onun fikrincə, Ukraynada baş verən "kabusu uzatmağa” xidmət edir.
"İşğal olunmuş əraziləri saxlamaq, orada əhalini qidalandırmaq və dağıdılmış şəhərləri bərpa etmək üçün iqtisadi və insan resurslarına gəlincə, Moskvada belə resurslar ümumiyyətlə yoxdur, - o, "Amerikanın səsi”nə müsahibəsində deyib. - Bu, dözülməz bir yükdür. Təsadüfi deyil ki, onların dövlət işçilərindən pul yığacaqları, maaşlarını azaldacaqları, yükün Moskva və Moskva vilayəti kimi uğurlu regionların büdcəsinin üzərinə düşəcəyi barədə xəbərlər yayılıb. Bütün bunlar qaçılmaz görünür. Çünki xüsusən də qarşıdan gələn və artıq hiss olunan iqtisadi böhran şəraitində əlavə pul almaq üçün heç bir mənbə yoxdur”.
Andrey Kolesnikov izah edir ki, yeni ərazilər hansısa aralıq statusa yiyələnərsə - müstəqil ola və ya Rusiyaya birləşdirilərsə, təbii ki, bu, hətta son dərəcə kövrək sülhə nail olmaq perspektivlərinə son qoyur.
"Əgər birdən-birə münaqişəni hansısa yolla dondurmaq mümkün olsaydı belə, o zaman bu konflikt istənilən an asanlıqla "qaynar” fazaya keçə bilər, hələ mən işğal administrasiyalarına böyük daxili müqavimətin olacağı partizan müharibəsini demirəm. Bu, artıq illərlə davam edə biləcək problem olacaq. Rusiya daha bir Pandora qutusunu açacaq”, - deyə Karnegi beynəlxalq sülh fondunun baş elmi işçisi yekunlaşdırıb.
Mənbə: Golosameriki
 
Nizami Bağırov