Ölkə üçün zəruri olan malların onları istehsal edən dövlətlərin razılığı olmadan Rusiyaya gətirilməsi və paralel idxal Türkiyə, Çin, Qazaxıstan, Ermənistana xeyli qazanc gətirəcək.
Qaynarinfo xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində baş direktor, ACRA suveren və regional reytinqlər qrupunun rəhbəri Yelena Anisimova
deyib.
Onun sözlərinə görə, "idxalın artması iqtisadiyyatda qiymət artım tempini azaltmağa, rublun möhkəmlənməsini məhdudlaşdırmağa, həmçinin paralel idxalın həyata keçiriləcəyi ölkələrlə ticarəti artırmağa kömək edəcək". PRIME ekspertdən sitat gətirir: "Türkiyə, Qazaxıstan, Çin, Ermənistan bu cür idxaldan benefisiar ölkələr ola bilər”.
Onun fikrincə, paralel idxal mal ehtiyatlarının azalması fonunda qıtlığın qarşısını almağa kömək edəcək, baxmayaraq ki, həcmlər əvvəllər müşahidə ediləndən aşağı olacaq və tranzaksiya xərcləri, o cümlədən nəqliyyat xərclərinin artması səbəbindən qiymətlər böhrandan əvvəlki dövrlə müqayisədə artacaq.
Xatırladaq ki, mayın 6-da Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi paralel idxal üçün malların siyahısını təqdim edib. Siyahıda 96 maddə var, ona 50-dən çox mal qrupu daxildir - həm müəyyən markalar, həm də bütün mallar kateqoriyası. Bundan əvvəl, martın 30-da Rusiyanın baş naziri Mixail Mişustin ölkədə xarici mallara olan tələbatı ödəmək üçün paralel idxala görə (müəllif hüquqları sahiblərinin razılığı olmadan tələb olunan xaricdə istehsal olunan orijinal malların ölkəyə idxalı) məsuliyyəti ləğv edən fərman imzalayıb.
Onu da əlavə edək ki, 2022-ci il fevralın 21-də Rusiya prezidenti Vladimir Putin qondarma, separatçı Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb və fevralın 24-də ruslara müraciət edərək "xüsusi hərbi əməliyyatın” başladığını elan edib. O, xüsusilə, "şərait Rusiyadan qətiyyətli addımlar tələb etdiyini" bəyan edərək, "Rusiyanın Ukraynada nüvə silahının yaranmasına icazə verməyəcəyini" vurğulayıb. Xüsusi əməliyyatın məqsədləri Ukraynanın "demilitarizasiyası və denazifikasiyası” adlandırılıb.
Rusiyanın hərəkətlərinə cavab olaraq Qərb ölkələri (ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya) Rusiya Federasiyasına qarşı maliyyə-iqtisadi xarakterli sanksiyalar da daxil olmaqla, rəsmi şəxslərə və iş adamlarına qarşı yeni, daha sərt sanksiyalar elan ediblər. Daha sonra Qərb ölkələri daha bir neçə irimiqyaslı anti-Rusiya sanksiyaları paketini təqdim etdilər.
Alpər