
Həbsxana və qadın...
Qadın kaloniyasına gedirik. Respublika günü ilə əlaqədar əvf siyahısına düşən üç qadının həbsxanadan azadlığa necə çıxacağını müşahidə etmək üçün. Nə qədər qadını həbsxanaya yaraşdırmasaq da cinayət cinayətdir, cəzası çəkilməlidir. Üç xanımın həbsxanadan azadlığa çıxması üçün tədbir təşkil edilib. Tədbirdə 3 qadından əlavə 100-ə yaxın dustaqxana yoldaşları da iştirak edirdi. Hamısının gözündə qəm, kədər və qəzəb.
Sevinc göz yaşları...
Əfv olunan üç xanım - Kəklik İbrahimova, Gülnarə Fəttahova və Yeganə Zülfüqarova gah ağlayır, gah da gülürdülər. Sevinclərinin həddi-hüdudu yox idi. Hər üçü prezidentə minnətdarlıq edir, ailələrinə, uşaqlarına qovuşacaqları üçün sevinirdilər. Hər 3-ü də tədbirin tez yekunlaşmasını, əfv sənədini alıb azadlığa qovuşacağı anı gözləyirdi. Əfv kağızı təqdim olunur və sevinc göz yaşı...
Sözdə razılıq...
Həbsxanadakı vəziyyətlə maraqlanırıq. Əlbəttə, hamısı razılıq edir ki, "bizə yaxşı baxırlar, hər şeylə təmin ediblər, gözəllik salonumuz, kitabxanamız var" deyirlər. Amma nə olsun, azadlıq ki, yoxdur.
Hiss olunur ki, hər kəs bura düşməkdə peşmandır. Azadlıqdakı hər dəqiqənin burda qiymətini bilirlər.
"Razborkalar..."
Həbsxana deyəndə əvvəlcə ağla "razborkalar", söz-söhbətlər yada düşür. Bəs qadın kaloniyasında vəziyyət necədir? Xanımlar söz- söhbətin olmadığını da deyir, əksini də. Görünən odur ki, burda da "ponyatka" məsələsi var. Ancaq vəziyyət o qədər də pis deyil. Qadınlar etiraf edir ki, 2005-ci ildən sonra bu cür məsələlər demək olar ki, yoxdur.
Ərin gəlməyi bir dərd, gəlməməyi başqa bir dərd...
Xanımlardan soruşuram, ərlərinizlə görüşdə problem yaratmırlar ki? Cavablar eyni oldu, heç bir çətinlik yaranmır. Bu barədə problem yoxdur. Solmaz xanımın dediyi isə zaldakıları güldürdü: "Qardaş, ərlərimiz gəlir, görüşürük, amma sonra 9 ay əziyyətini burda biz çəkirik..."
İnterpress.az















