Görünür, bu dəfə Ukrayna Prezident Ofisinin keçmiş ştatdankənar müşaviri Oleksiy Arestoviç qanun qarşısında qadınlarla bağlı seksist ifadələrinə görə cavab verməli olacaq.
Qaynarinfo
xəbər verir ki, xalq deputatı İnna Sovsunun müraciətindən sonra polis onun barəsində cinayət işi qaldırıb. Bu barədə o, Telegram-da özü məlumat verib.
Sovsun Milli Polisin məktubunu dərc edib və orada bildirilir ki, Arestoviçin ifadələri əsasında Ukrayna Cinayət Məcəlləsinin 300-cü maddəsi (zorakılıq və qəddarlıq, irqi, milli və ya dini dözümsüzlüyü təbliğ edən əsərlərin hazırlanması və ya yayılması və ayrı-seçkilik) ilə cinayət işi açılıb.
Bu maddənin sanksiyasında 5 ilə qədər həbs cəzası və ya vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin 2 mindən 4 minədək və ya 34 min qrivendən 68 min qrivnaya qədər cərimə nəzərdə tutulur.
Bundan əlavə, Sovsun qeyd edib ki, iş Kiyev Şəhər Prokurorluğuna verilib.
"Əgər iş məntiqi nəticəyə gətirilərsə, bu, Ukrayna üçün mühüm presedent yaradacaq, qanunun hamı üçün bir olduğunun sübutu olacaq və cəzasızlıq artıq norma olmayacaq", - deputat vurğulayıb.
Xatırladaq ki, sentyabrın sonunda məlum olub ki, Arestoviç özünün psixoloji seminarlarında nəinki seksizmi təbliğ edir, həm də zorakı fikirlər səsləndirir. O, qadınları "məxluq” adlandırır və onları "boğmaq” istəməsindən danışır. Eyni zamanda, o, insanı "tanrı” və "büt” hesab edir ki, onları vəsf etmək lazımdır.
Bundan əlavə, ekspertlərin təxmini hesablamalarına görə, Oleksiy bu seminarlardan və YouTube-da çox yaxşı qazanır.
Alpər