Bir vaxtlar dəbdəbəli festival vədi ilə başlayıb fiaskoya çevrilən "Fyre Festival" brendinin hüquqları dələduzluğu ilə tanınan Billi MakFarland tərəfindən "eBay" platformasında 245 min 300 ABŞ dollarına satılıb. Kimliyi açıqlanmayan alıcının bu "lənətli" brendlə nə etməyi planlaşdırdığı isə hələlik bilinmir.
Sosial mediada yaratdığı gözləntilər fiaskoya çevrildi
Qaynarinfo xəbər verir ki, 2017-ci ildə Baham adalarında təşkil olunan "Fyre Festival" sosial media fenomenlərinin bərli-bəzəkli paylaşımları ilə böyük maraq doğurmuşdu. İştirakçılara lüks villalar, qastronomik yeməklər və dünya səviyyəli musiqi çıxışları vəd olunmuşdu.
Ancaq reallıq fərqli idi: Qonaqlar sahibsiz bir adada, tufana dayanıqsız çadırlarda gecələyiblər. Təqdim olunan yemək isə yaddaşlarda qalan, səliqəsiz hazırlanmış pendirli sendviçdən ibarət olub.
MakFarlandın cəzası və yeni xəyalları
Bu genişmiqyaslı dələduzluqdan sonra Billi MakFarland maliyyə cinayətlərinə görə məhkum edilib və üç il yarım həbsdə qalıb. 2022-ci ildə azadlığa çıxdıqdan sonra yenidən gündəmə gəlib. Bu dəfə Meksikanın Playa del Karmen şəhərində ikinci "Fyre Festival" təşkil edəcəyini elan edib. Festival biletləri isə 1.400 dollardan başlayıb 1,1 milyon dollara qədər dəyişib.
Lakin bu ikinci festival heç vaxt baş tutmadı. Rəsmilər tədbir üçün hər hansı bir icazənin verilmədiyini bildirsələr də, MakFarland bunu inkar edib. Qısa müddət sonra isə Fyre brendini satışa çıxardığını açıqlayıb.
Brendin satışa çıxarılması ilə bağlı açıqlama verən MakFarland "Fyre"nin hələ də böyük media dəyərinə malik olduğunu iddia edib: "Fyre" 2017-ci ildən bu yana dünyanın ən çox müzakirə olunan musiqi festivallarından biridir. Doğru şəxslərlə bu brendi əyləncə, moda, media və digər sahələrdə qlobal gücə çevirmək mümkündür"
"eBay"dakı açıq hərracdan əldə olunan 245 min dollarlıq gəlir MakFarlandın ödəməli olduğu 26 milyon dollarlıq borcun cəmi kiçik bir hissəsini əhatə edir. Bu səbəbdən satış daha çox "nüfuz bərpa etmə” addımı kimi dəyərləndirilir.
Aydın
Şərhlər