"Türkiyə Qara dənizdə mülki gəmilərə hücum ediləcəyi halda adekvat cavab veriləcəyilə bağlı Rusiyanı hədələməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə taxıl sazişindən çıxdıqdan sonra Rusiyanın Qara dənizdəki mülki gəmilərə hücum etməsi ehtimalından danışarkən deyib.
"Rusiya rəhbəri Vladimir Putin iki qardaş xalq arasında qanlı müharibəyə başlayıbsa, bundan sonra onun dünyada istənilən cinayəti törədəcəyinə heç bir şübhəm yoxdur. O, birmənalı şəkildə eskalasiya yolunu tutub. Putin hətta atom silahından da istifadə edə bilər, çünki bu şəxs üçün heç bir əxlaqi maneə yoxdur. Rusiya "taxıl sazişi”nə işğal etdiyi ərazidə nəhəng miqdarda, 30 milyon tondan artıq ələ keçirdikləri taxılı satmaq üçün qoşulmuşdu. Çünki bu, ona milyardlarla dollar vəsait gətirdi. İndi isə hikkəsindən bundan imtina edir.
Rusiya donanması artıq Odessada taxıl daşıyan gəmiyə zərbə endirib, 40 min ton taxıl yanıb. Bu vəziyyətdə azğınlaşmış ölkə ordusunun Qara dənizdəki mülki gəmilərə hücum edəcəyini də istisna etmək olmaz. Belə olan halda cavab qərarını vermək hüququ Qərbdə olur. Amma Qərbin də Qara dənizdə Türkiyə donanmasından başqa qüvvəsi yoxdur. Bu fonda Türkiyə mülki gəmilərə hücum ediləcəyi halda adekvat cavab veriləcəyilə bağlı Rusiyanı hədələməlidir. Adekvat cavab isə odur ki, Türkiyə donanması rus donanmasını bir günün içində məhv edə bilər”, deyə Zərdüşt Əlizadə bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiyanın "taxıl sazişi”ndən çıxdıqdan sonra Ukrayna ixracatını məhv etmək üçün Qara dənizdə mülki gəmilərə hücum edə biləcəyi barədə xəbərdarlıq edib. Kleverli bildirib ki, o, Rusiyanın vicdansız davranışını BMT Təhlükəsizlik Şurasının iclasında mütləq müzakirə edəcək. Böyük Britaniya hesab edir ki, Rusiya Qara dənizdə mülki gəmilərə hücum edərək Ukraynanın ərzaq ixracatını məhv etmək kampaniyasını gücləndirə bilər.
Rüfət Sultan