İdman 09:37 15.09.2022

“Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq

"Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa "Nant”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

"Nant” ilk turda Yunanıstan "Olimpiakos”unu məğlub edib - 2:1. "Qarabağ” isə Almaniyada "Frayburq”a eyni hesabla uduzub.

G qrupunun digər matçında "Olimpiakos” "Frayburq”u qəbul edəcək.

Avropa Liqası
Qrup mərhələsi
II tur

15 sentyabr
20.45 Qarabağ (Azərbaycan) - Nant (Fransa)
Baş hakim: Enea Yorqyi (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: "Frayburq” - 3. "Nant” - 3. "Qarabağ” - 0. "Olimpiakos” - 0.

Qeyd edək ki, qrupun digər matçında "Frayburq” "Olimpiakos”un qonağı olacaq.