Xəbər lenti

İdman 12:53 12.01.2023

"Qarabağ"ın kapitanı: "Ən çox zarafat etdiyimiz oyunçu Riçarddır"

"Qarabağ"ın aparıcı futbolçularından olan Maksim Medvedev klubun instaqram səhifəsində ona ünvanlanan sualları cavablandırıb.

Qaynarinfo xəbər verir ki, Ağdam klubunun kapitanına maraqlı suallar ünvanlanıb.

"Futbola başlayanda gənc idim və agentlərin marağına səbəb olurdum. Gənc yaşımda "Tvente"dən yaxşı təklif vardı. Ancaq xaricdə oynamağa hazır deyildim. Ona görə də təkliflərə diqqət yetirmirdim və istəyirdim ki, daha da inkişaf edim. Çempionlar Liqasında iştirakdan sonra Qazaxıstan klubu "Astana"dan təklif almışdım. Böyük məbləğ var idi. Lakin məsləhətləşdim və qərara gəldim ki, böyük məbləğ qarşılığında gedib oynamaqdansa, doğma "Qarabağ"da qalım".

- Qarşılaşdığın oyunçulardan kimi fərqləndirərdin?

- Sırf kimisə fərqləndirmək istəməzdim. Əslində çox böyük futbolçulara qarşı oynamışam. Hamısı yüksək səviyyəli oyunçular idi. Düzdür, onlara qarşı oynamaq çox çətin idi. Yenə də gənc, enerjili və bir qədər də təcrübəli olduğuma görə  onları "bağlamağ"ın yollarını tapırdım. Uşaqlıqdan uduzmağı xoşlamıram, sona qədər vuruşmaq və qalib gəlmək istəyirəm. Məsələn, "Çelsi"də Pedro, Eden Azar, "Atletiko"da Karrasko, "Roma"da Əl-Şəraviyə qarşı oynamışam. Sağ cinah müdafiəçisi olduğum üçün həmişə mənə sürətli rəqiblər düşürdü. Hamısı təcrübəli futbolçular idi. 

- Qarşılaşdığın ən güclü hücumçu hansı olub?

- Qarşılaşdığım ən güclü hücumçu "Bazel"də Artur Kabral idi. O vaxtı artıq mövqemi dəyişmişdim. Medina ilə birgə mərkəz müdafiəçisi kimi oynayırdım. Doğrudan da o hücumçu mənim üçün uyğunsuz idi. Çünki həm fiziki cəhətdən güclü idi, həm də cərimə meydançası daxilində təhlükəli vəziyyətlər yarada bilirdi. Ona yarım metr boşluq versən nəticə göstərə bilər.  Ona qarşı  oynamaq çox çətin idi.

- Müdafiəçi olmasaydın, hansı mövqeni seçərdin?

- Uşaqlıqdan sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirəm. Fikrimcə müdafiəçi olmasaydım, hücumameyilli oynayardım. Çünki uşaqlıqdan hamı qol vurmaq istəyir.  Çox güman sağ cinah yarımmüdafiəçisi kimi çıxış edərdim.

- İnstaqramda suallara niyə cavab vermirdin?

- Fikrimi futbola yönəltmək istəyirəm. İnstaqram, feysbuk, tik-tok kimi sosial şəbəkələr futbolçunun fikrini yayındırır. İstəmirdim ki, hər dəqiqə onlardan istifadə edim, kimlərin nə yazdığına baxım. Narahat olurdum. Fikrim sırf futbolda idi. Yaşlandıqca, təcrübə yığdıqdan və həyatı dərk etdikdən sonra düşünürəm ki, instaqram məni karyeramdan uzaqlaşdırmaz. Profilim açıqdır, çox adam girir, paylaşımları bəyənir və şərhlər yazır.

- Ən çox həyəcanlandığın oyun?

- Ən çox həyəcanlandığım oyun Bakıda "İnter"ə qarşı olub. Bilirdik ki, son oyundur. "İnter"ı keçə bilsək Avroliqanın qrupundan çıxırıq. Hər şey buna doğru gedirdi. Sadəcə, hakimin səhvi işimizi korladı. Ən çox əsəbiləşdiyim oyun o idi.

- Futbol olmasaydı, hansı idman növünü seçərdin?

- Futboldan əvvəl çox idmanla, akrobatika ilə məşğul olurdum. Həmişə çalışmışdım ki, idmanda olum. Böyük tennisə həvəsim var. Fikrimcə, futbol olmasaydı, bu idmanı seçərdim. 

- "Qarabağ"da ən sevdiyin futbolçu kimdir?

- "Ən sevdiyim futbolçu Ansi Aqolli idi. Düzdür, komandada dostlarım, qardaşlarım var. Amma Ansi kimi futbolçu görməmişəm. O, yaşda məndən böyükdür. Peşəkar olmağı ondan öyrənirdim. 7 il bir otaqda qalmışıq. Çox söhbətlərimiz olub. Qardaş kimi ən doğru məsləhətləri mənə sırf Ansi Aqolli verib.

- Fanatlarla bir gün görüş elan edə bilərsən?

- Həmişə xoşlamışam ki, fanatlarla görüşüm. Arada 5-10 nəfər gəlirdilər, çox maraqlı söhbətlərimiz olurdu. Çünki onlar futbola futbolçu deyil, sırf fanat kimi baxırlar. Həmişə çox maraqlı sualları olur. Hətta özüm onların suallarına cavab verərkən çətinliyə düşürdüm. Belə bir şərait olsa görüşərik. Kimin sualı varsa cavablandıraram.

- Kaş getməzdi dediyin 3 oyunçu...

- Birincisi Ansi Aqolli. Çox yaxın insan idi. Patrik Andrade komandanı tərk edəndə də çox üzüldüm. İşləyən, həm də insan kimi yaxşı futbolçu idi. Sonda da əlbəttə, Kadi Borges. Komanda üçün böyük bir fiqur idi. Onun çox böyük faydası olub, azarkeşlər də sevirdi. 

- İdealın hansı futbolçudur?

- Mən həmişə müdafiəçilərə diqqət yetirirəm. Çox adam hücumçulara baxır. Serxio Ramosa, Dani Alveşə çox baxırdım. Bir də o vaxtı "Milan"da Abate oynayırdı, onun oyununa diqqət yetirirdim. Seçimim Serxio Ramos olar. Çünki karyeram onunkuna bənzəyir. O da əvvəlcə sağ cinahda oynayırdı, sonradan mərkəzə keçdi. Ona görə də idealım olub. 

- Ağdamda, "İmarət"də futbol oynamaq istəyirsiniz?

- İnanıram ki, yaxşı şərait yaradılacaq futbolçular üçün. Stadion və tribunalar azarkeşlərlə dolu olsa, Ağdamda oynamaq istərdim. İnanıram ki, orada oynasaq tribunalar dolacaq. Müəyyən sıxıntılar var. Bəzi legionerlərimiz Bakıda qalmağı xoşlayır. Orada oynayıb, sonra qayıdıb Bakıda yaşamaq pis variant deyil. 

- Ən çox yadda qalan oyun hansı olub? 

- Fikrimcə Şotlandiyada "Aberdin"ə qarşı olub. Çünki ora gedəndə hamı danışırdı ki, "Aberdin" rahatlıqla "Qarabağ"ı keçəcək. Azarkeşləri çılğındırlar, dəhşətli atmosfer olacaq. Amma sırf həmin oyuna dəhşət köklənmişdik. Güclü analiz etdik, nəticədə Şotlandiyada 3 qol vura bildik. Oyun bitəndən sonra meydançanı tərk edənə qədər onların azarkeşləri bizi alqışlayırdılar. İlk dəfədir belə şey görürüdüm. 

- Kapitanlıq çətin işdir? hansı məsuliyyətləri var?

- Təbii, kapitan olmaq çətindir. Sarğını qoluna taxmaqla deyil. Hər dəfə komandada hansısa hadisə baş verəndə, cavabdeh sən olursan. Baş məşqçi sənə iradlarını bildirir. Komanda yoldaşların hər dəfə sənə yaxınlaşırlar. Çünki məşq və oyun prosesində aqressivliklər, narazılıqlar olur. Çalışmalısan ki, problemləri yerində həll edəsən. Çünki futbolçu aqressiv olanda oyun və nəticə əldən gedə bilər. Hər dəfə yoldaşlarından daha çox köklənməlisən, bütün şeylərə diqqət yetirməlisən. Çalışmalısan ki, nəticəyə təsiri olmasın.

- Komandada ən gülməli oyunçu kimdir?

- Əslində, bir neçə nəfər var. Özüm də zarafatı xoşlayıram. Çanki zarafat edəndə komandada yüksək əhval-ruhiyyə də olur. Marko Veşoviçi qeyd edərdim. Çox çılğın və yumor hissi yüksək olan, gülməli futbolçudur. Bir də Kevin Medinadır. Onun da zarafatları, hərəkətləri çox gülməli olur. Hər dəfə hansısa futbolçunu parodiya edir. Məsələn, hansısa  futbolçu oyunda və ya məşqdə əsəbiləşəndə onu parodiya edir. Riçard Almeyda da çox gülməli futbolçudur. Ən çox zarafat etdiyimiz oyunçu Riçarddır. Oyundan sonra duşa gedəndə, hamı ondan şampun istəyir. Bildiyiniz kimi Riçard keçəldir və şampundan istifadə etmir. Hər dəfə onunla bu cür zarafat edirlər. Şampun və ya saç üçün gel istəyirlər. O da əsəbiləşir və zarafatı davam etdirir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->