Oxucularımızdan biri saytımıza videoregistrator vasitəsi ilə qeydə aldığı videogörüntünü göndərib və sosial şəbəkələrdə də paylaşıb.
Qaynarinfo-nun məlumatına görə, videodan görünür ki, iyunun 28-də, saat 17.42 radələrində Azadlıq prospektində hərəkət edərkən 99 RA 037 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü dönmə işığından istifadə etməyərək qəfildən onun hərəkət etdiyi zolağa yerdəyişmə edib.
Videogörüntünü göndərən sürücü də qəzadan yayınmaq üçün səs siqnalından istifadə edib. Ancaq qayda pozan sürücü bu səs siqnalından sonra öz zolağına qayıtmaq əvəzinə yolu bağlayıb, avtomobili tərk edib və düşüb həmin sürücünün üstünə qışqıraraq "yaxşı edirəm" deyib.
Videogörüntünü göndərən sürücü isə onun fiziki güc tətbiq edəcək qədər aqressiv, psixoloji problemli olduğunu görüb və ona cavab verməyib.
Sayt olaraq aidiyyatı orqanların hadisə ilə bağlı araşdırma aparmasını və qayda pozan sürücünün əməllərində Yol hərəkəti qaydalarını pozmaqdan əlavə xuliqanlıq əlamətlərinin olub-olmamasını müəyyən etməsini xahiş edirik.
Videogörüntü təqdim edirik.