Qazaxıstanın "KazMunayQaz” neft şirkəti "Rosneft Deutschland” (Alman hakimiyyəti tərəfindən milliləşdirilmiş Rusiyanın "Rosneft” şirkətinin törəmə şirkəti) ilə 2023-cü il üçün Almaniyaya neft tədarükünə dair müqavilə imzaladığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, çatdırılmalar Drujba neft kəməri ilə həyata keçiriləcək.
Müqavilənin şərtlərinə görə, "KazMunayQaz” bu ilin sonuna qədər Almaniyaya aylıq 100 min ton neft tədarük edəcək. Müqavilə Almaniyanın Şvedt şəhərindəki "PCK Raffinerie" neft emalı zavoduna xam neftin tədarükünə aiddir. Onun səhmdarlarından biri "Rosneft Deutschland GmbH"dir.
İddia olunur ki, 2023-cü ildə "KazMunayQaz”ın Almaniyaya neft tədarükünün ümumi həcmi ən azı 890 min ton olacaq. Şirkət həmçinin izah edib ki, Almaniya tərəfi digər Qazaxıstan neft şirkətlərinin resurslarından tədarük həcminin artırılmasında maraqlıdır.
Bundan əvvəl Rusiyanın "Rosneft” neft şirkəti Qazaxıstanın "Kaztransoil” şirkəti ilə Qazaxıstan vasitəsilə Çinə ildə 10 milyon ton neftin tədarükü haqqında müqaviləni 10 il müddətinə yeniləyib. "Rosneft" hələ 2013-cü ildə Çin CNPC ilə neft tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb və 2022-ci ildə onu 2034-cü ilə qədər uzadıb.
Aydın