Dünya 10:55 21.11.2022

Qazaxıstanda yeni siyasi era başlayır - Tokayev islahatları elan etdi

Növbədənkənar prezident seçkilərində "exit-poll"un nəticələrinə görə liderlik edən Qazaxıstanın hazırkı prezidenti Kasım-Comart Tokayev ölkədə yeni siyasi eranın başlandığını və bütün əsas hakimiyyət institutlarının gələcək islahatını elan edib.

Qaynarinfo bu barədə Tokayevin "Telegram"da yerləşdirdiyi Respublika İctimai Qərargahının üzvləri qarşısında çıxışına istinadən xəbər verir.

Qazaxıstan lideri bildirib ki, konstitusiya islahatı "aydın və ardıcıl” aparılacaq: "Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik".

Bundan əlavə, ölkə iqtisadiyyatını vətəndaşların rifahının yaxşılaşdırılması üçün "kardinal dəyişikliklər” gözləyir.

"Bütün bu məqsədləri həyata keçirmək üçün bizə birlik lazımdır. Ona görə də hamınızı birliyə səsləyirəm!", deyə hazırkı prezident bildirib.

Seçki kampaniyasının özünə gəlincə, Tokayevin sözlərinə görə, o, "ədalətli və açıq olub” və bütün prezidentliyə namizədlərə bərabər imkanlar verilib, namizədlərə heç bir məhdudiyyət qoyulmayıb.

"Onlar sərbəst şəkildə bölgələrə səfər edib, seçicilərlə görüşüb, təşviqat aparıblar... Hər bir seçiciyə seçim azadlığı verilib. Beləliklə, bu kampaniya ədalətli və açıq olub", deyə Qazaxstan prezidenti qeyd edib.

Nizami Bağırov