"Qazaxıstan Moskvadakı ticarət nümayəndəliyini bağlamaqla manevr edir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Astananı Rusiyadakı ticarət nümayəndəliyini bağlamağa vadar edən səbəblərdən danışarkən deyib. Ekspert bildieib ki, Astana bu yolla Rusiya üçün hansısa bir şərait yaratmadığını göstərməyi düşünür:
"Qazaxıstan Rusiya ilə birlikdə Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Yəni Rusiya ilə Qazaxıstan arasında ticarətin təşkilində ciddi problemlər yoxdur. Amma ticarət nümayəndəliyinin bağlanması rəsmi Astananın dediyi kimi, heç də Qazaxıstan biznesinin Rusiya istiqamətində işləməsinə xidmət edəcək institusional şəraitin tam olaraq yaradılması ilə bağlı deyil. Burada başqa amil rol oynayıb. Bu mənada ticarət nümayəndəliyinin bağlanması Qazaxıstanın adının tətbiq olunan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməsində hallanması ilə bağlıdır.
Ermənistan və Qazaxıstanın Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etmələrilə bağlı kifayət qədər məlumatlar var. Bu barədə Qərb mətbuatı dəfələrlə yazıb. Habelə Dövlət Departamentinin açıqlamalarında da Qazaxıstanın adı hallanıb. Bu mənada, Astana Moskvadakı ticarət nümayəndəliyini bağlamaqla Rusiya üçün hansısa bir şərait yaratmadığını göstərmək və bu yolla da Qərbin sanksiyalarından yan keçməyi düşünür”.
Qeyd edək ki, Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb. Astana rəsmiləri bu addımı hazırda Qazaxıstan biznesinin Rusiya istiqamətində işləməsi və əməliyyat məsələlərinin həlli üçün bütün institusional şəraitin yaradılması ilə əlaqələndiriblər.
Rüfət Sultan