Dünya 21:48 26.07.2022

Qazın nəqlinin azalması Avropa ölkələrini qarşıdurmaya sürükləyir

Qaz istifadəsinə 15%-lik qənaət təklifi Avropa ölkələrinin etirazlarına səbəb olub.
 
Bu barədə Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir

Dünən Rusiyanın qaz ixracatçı şirkəti Avropaya gedən "Şimal axını” boru kəməri ilə gündəlik qaz tədarükünü sutkada 33 milyon kubmetr – boru kəmərinin gücünün təxminən 20%-ə qədər azaldacağını elan edib. 

"Şimal axını 1” boru kəməri keçən həftə 10 günlük texniki fasilədən sonra qaz nəqlini bərpa edib, lakin Avropa Komissiyası Rusiya tərəfindən qazın tamamilə dayandırılması ehtimalı barədə xəbərdarlıq edir.

Keçən həftə AB icra hakimiyyəti Moskvanı enerjidən "silah” kimi istifadə etməkdə günahlandırıb və 27 üzv dövləti Brüsselin tədarükdə fövqəladə vəziyyət elan edəcəyi təqdirdə məcburi ola biləcək könüllü 15% qaz qənaət hədəfini qəbul etməyə çağırıb.

AB rəsmiləri ümid edirdilər ki, blokun 27 energetika naziri çərşənbə axşamı Brüsseldə keçiriləcək görüşdə 15% qaz qənaət planını təsdiqləyəcək. Ancaq Avropanın bütün guşələrindən olan ölkələr, xüsusilə AB-nin qaz kəmərləri şəbəkəsindən nisbətən təcrid olunmuş İspaniya və Portuqaliya təklifə etiraz ediblər.

İspaniyanın Baş nazirinin müavini Teresa Ribera keçən həftə ölkəsinin mayeləşdirilmiş təbii qaz infrastrukturuna etdiyi sərmayələrə, İspan şirkətləri və istehlakçılarının çəkdiyi xərclərə işarə edərək, ölkəsindən "qeyri-mütənasib bir fədakarlıq" tələb edildiyini bildirib. "Digər ölkələrdən fərqli olaraq, biz ispanlar enerji baxımından imkanlarımız xaricində yaşamamışıq",- o deyib. 

Portuqaliya, enerji naziri Qalamba, keçən həftə yerli mediaya verdiyi açıqlamada, təklifə qarşı çıxıb və onun Avropanın qalan hissəsi ilə az qaz bağlantısı olan İspaniya və Portuqaliyanın ehtiyaclarını qarşılamadığını bildirib. 

Yunanıstan da onun iqtisadiyyatını və istehlakçılarını həddindən artıq yüklədiyini iddia edərək 15%-lik hədəfə qarşı çıxıb.

Bundan əlavə, Polşa da enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirib. Polşa rəsmisi Varşavanın "Polşa təbii qaz ehtiyatlarının digər üzv dövlətlərin ehtiyacları üçün istifadəsinə səbəb ola biləcək heç bir həll yolu ilə razılaşmayacağını” deyib.

Fransa, İtaliya, Danimarka, Hollandiya və Polşa komissiyaya tədarükdə fövqəladə vəziyyət elan etmək səlahiyyətinin verilməsinə qarşı çıxır. 

Nurlan Hüseynov