"Qazprom”un ilin ilk ayı üzrə satışlarının nəticələri və ekspertlərin proqnozları göstərir ki, 2023-cü ildə şirkətin ixrac gəlirləri iki dəfə azala bilər. Bu, yanvar ayında 25 milyard dollarlıq kəsirlə üzləşən büdcəyə təzyiqi artıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters
yazır.
Xəbərə görə, yanvarda "Qazprom”un xaricə qaz satışından əldə etdiyi gəlir ötən ilin analoji dövründəki 6,3 milyard dollara nisbətdə təxminən 3,4 milyard dollar təşkil edib.
Səbəb ixracın azalmasıdır. Keçən il o, artıq iki dəfə azalaraq postsovet minimumuna çatıb. Bu il azalma tendensiyası davam edib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hesablayıb ki, Ukraynada müharibə başlayandan bəri Rusiya Aİ-yə qaz tədarükünü 80% azaldıb. Ötən ilin sonunda Rusiya Qərbi Avropanın qaz tələbatının cəmi 7,5%-ni təmin edib, halbuki 2021-ci ildə bu rəqəm təxminən 40%-dir. Fevralın 24-dək Rusiya Avropaya daha çox qaz satacağına əmin idi.
Gəlirlərin azalmasını kompensasiya etmək üçün Rusiya Türkiyə və Çinə boru kəmərlərinin ötürücülük qabiliyyətini artırmağa çalışır. Amma yeni müqavilələrin Qərbi Avropa ilə müqavilələr qədər sərfəli olub-olmayacağı böyük sualdır. Qazprom və Çin razılaşdırılmış qazın qiymətini açıqlamır. BCS Global Markets-in baş neft və qaz analitiki Ronald Smitin sözlərinə görə, 2022-ci ildə Çinə ixrac olunan qazın qiyməti 1000 kubmetr üçün orta hesabla 270 dollar təşkil edib. Bu, Avropadakı qiymətlərdən xeyli aşağıdır. Rusiyanın İqtisadi inkişaf nazirliyinin proqnozuna görə, 2023-cü ildə qazın ixrac qiyməti 1000 kubmetr üçün 700 dollar olmalıdır.
Qeyd edək ki, Rusiya 2023-cü ilin yanvarını defolt olan 1998-ci ildən bəri ən böyük büdcə kəsiri ilə başa vurub. Yanvarda büdcə kəsiri 1,76 trilyon rubl (25 milyard dollar) təşkil edib.
Nizami Bağırov