Xəbər lenti

Qəddafinin oğlu öldürüldü:
Dünya 10:58 04.02.2026

Qəddafinin oğlu öldürüldü: "Bu, Liviyanı sülh şansından məhrum etdi"

Keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi paytaxt Tripolinin cənubunda öldürülüb.

Qaynarinfo Abaad Xəbər Agentliyinə istinadən xəbər verir ki, o, silahlı qruplar arasında döyüşlərin davam etdiyi ərazidə qətlə yetirilib.

Qəddafi ailəsinə yaxın bir mənbə "Əl-Hadath TV"yə keçmiş Liviya liderinin oğlunun ölkənin qərbindəki Zintan şəhəri yaxınlığında öldürüldüyünü təsdiqləyib.

Mənbə "Əl-Hadath"a bildirib: "Cinayətkarlar Seyf əl-İslamın bağçasında yaralanmasından sonra tez qaçıblar".
 


Seyf əl-İslamın siyasi müşaviri Abdullah Osman onun ölüm xəbərini qısa bir "Facebook" paylaşımında təsdiqləyib. O, Müəmmər Qəddafinin oğlunun ölümü ilə bağlı heç bir məlumat verməyib.

Seyf əl-İslam Qəddafinin 2011-ci ildə sui-qəsd nəticəsində öldürülən Liviya lideri Müəmmər Qəddafinin ikinci oğludur. 2015-ci ildə Liviya məhkəməsi Seyf əl-İslam barəsində 2011-ci il inqilabı zamanı dinc etirazları yatırdığına görə qiyabi olaraq ölüm hökmü çıxarıb. O, edamdan yayınmaq üçün illərlə Liviyanın qərbindəki Zintan şəhərində gizlənib. 2017-ci ildə amnistiya qanunu ilə milislər tərəfindən azadlığa buraxılıb.

Liviya Baş Prokurorluğu Seyf əl-İslamın ölümünü təsdiqləyib. Prokurorlyq Qəddafinin oğlunun güllə yaralarından öldüyünü müəyyən edib: "Qurbanın odlu silahla öldürüldüyü müəyyən edilib".

Hüquq-mühafizə orqanları cinayətdə iştirak edənləri axtarmağa başlayıb.

Seyf əl-İslam Qəddafinin tərəfdarları onun qətli ilə bağlı beynəlxalq araşdırma aparılmasını tələb ediblər. Bu barədə onun siyasi blokunun bəyanatında deyilir:

"Siyasi komanda Liviya məhkəmə sistemini, beynəlxalq ictimaiyyəti, BMT-ni və insan haqları təşkilatlarını məsuliyyət nümayiş etdirməyə və şəffaf və müstəqil olmalı olan milli və beynəlxalq araşdırma başlatmağa çağırır".
 


Seyf əl-İslam Qəddafinin tərəfdarları hesab edirlər ki, onun sui-qəsdi ölkəni daxili münaqişənin sülh yolu ilə həlli üçün hər hansı bir şansdan məhrum edir. 

"Bu qədər böyük bir siyasi xadimin öldürülməsi Liviyada sülh və sabitlik üçün bütün şansların məhv edilməsidir", deyə bəyanatda qeyd edilir: 

Qəddafinin tərəfdarları əmindirlər ki, məsuliyyət daşıyanlar cəzalandırılacaqlar.

Aydın
--> -->