Xəbər lenti

Qərb hansı halda Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə verəcək? (ŞƏRH)
Dünya 17:14 09.09.2024

Qərb hansı halda Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə verəcək? (ŞƏRH)

"Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsi, heç də şimal ölkəsinin İran və Çindən raketlər alması ilə bağlı deyil, Rusiyanın hücumlarının miqyası ilə bağlı olan məsələdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qərbin verdiyi silahlarla hansı halda Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə verəcəyi məsələsini şərh edərkən deyib. 

Ekspertin dediyinə görə, bu məsələnin Moskvanın İran və Çindən silah alması ilə birbaşa əlaqəsi yoxdur:

"Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə vurmağa icazə verməsi heç də İran və yaxud Çinin Moskvaya silah verməsilə birbaşa əlaqəli olmaya bilər. Təsəvvür edək ki, nə İran, nə də Çin Moskvaya silah vermir, amma Ukrayna qoşunları Rusiyanın zərbələri qarşısında davam gətirə bilmir və ikincilər irəliləyir". 



Politoloqun fikrincə, Qərb yalnız Rusiya hücumları qarşısında Kiyevin çarəsiz qalması fonunda ona Rusiyanın dərinliklərini vurmağa icazə verəcək: 

"Yalnız belə vəziyyət yaranacağı təqdirdə, Qərb çarəsiz və yaxud fakt qarşısında qalaraq, Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə verəcək. Yəni bu icazə heç də Çinlə İranın Rusiyaya uzaq mənzilli raketlər verməsilə bilavasitə bağlı deyil. Hər şey sadəcə, Kiyevin müqavimət gücündən asılı olacaq. Onun Moskvaya qarşı mübarizədə başqa çıxış yolu qalmayan anda, Qərb uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa da icazə verəcək. 

İndilikdə həmin situasiya yaranmayıb. Qərb Ukraynanı mərhələli şəkildə silahlandırır. Müharibənin əvvəlində ona ağır silahlar vermədi. İlk öncə adi silahların verilməsindən başladılar. İndi isə F-16-ı da verir. Qərb sadəcə Ukrayna Rusiyanın hücumlarına cavab verə bilmədiyi təqdirdə onu bu və ya digər silahlarla təmin edir. Son günlər Rusiya Donbas istiqamətində hücumları genişləndirərək, Pokrovski kəndi ətrafında irəliləyir. Proses belə davam edəcəyi təqdirdə, Qərb Ukraynaya dəstək olmağa imkan verən silahları əvvəl-axır verməli olacaq". 

Qeyd edək ki, İran, Şimali Koreya və Çin Ukrayna ilə müharibə aparan Rusiyaya raketlər verir, onu bir sıra texnologiyalarla təmin edir. Qərb isə hələlik Ukraynaya verdiyi uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərini vurmağa icazə vermir. Bu məsələdə xüsusən də ABŞ tərəddüd edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->