Xəbər lenti

Qərb niyə Ukraynanın qalib gəldiyini etiraf edə bilmir? - Eliot A. Kohenin şərhi
Dünya15:24 31.03.2022

Qərb niyə Ukraynanın qalib gəldiyini etiraf edə bilmir? - Eliot A. Kohenin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Eliot A. Kohen
2007-2009-cu illərdə ABŞ Dövlət Departamentinin məsləhətçi, "The Atlantic” nəşrinin icmalçısı, Con Hopkins Universitetinin qabaqcıl beynəlxalq araşdırmalar Məktəbinin professoru
Ukrayna Silahlı Qüvvələrinin uğurlarına geniş qlobal dəstək Putini məğlub etməyə necə kömək edə bilər? 
ABŞ və digər Qərb ölkələrindən olan analitiklər artıq anlamalıdırlar ki, Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qalib gəlməsi üçün hər cür şansı var və artıq bunu edir. Belə yanaşma Qərb dövlətlərinin Vladimir Putinə qarşı çıxmaq və Ukraynaya yardım etməkdə səylərini daha səmərəli birləşdirməyə kömək edərdi.
2007-ci ildə İraqda hadisələrin qızışması zamanı ora səfər edəndə gördüm ki, Vaşinqtondakı fikirlər və vəziyyətə baxış yerdəki real vəziyyətdən 2-4 həftə geri qalır. İndi Ukraynada oxşar hal baş verir. Analitiklər və şərhçilər Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısının alındığını və müharibənin dalana dirəndiyini söyləməkdən çəkinirlər. Ancaq əsl həqiqət ondan ibarətdir ki, ukraynalılar qalib gəlir.
Bəs niyə Qərb analitikləri bunu etiraf edə bilmirlər? Rusiya silahlı qüvvələrini tədqiq edən ekspertlər əvvəlcə rusların sürətli və qəti qələbəsini proqnozlaşdırdılar. Sonra belə nəticəyə gəldilər ki, ruslar öz səhvlərindən nəticə çıxarmaq və yenidən qruplaşmaq üçün fasilə götürüblər. Sonra belə qənaətə gəldilər ki, ruslar öz doktrinalarına əməl etsəydilər uğur qazanardılar. İndi isə bu analitiklər hər şeyin dəyişə biləcəyini, müharibənin hələ bitmədiyini və say üstünlüyünün hələ də Rusiyanın tərəfində olduğu barədə mızıldayırlar. Onların analitikasının uğursuzluğu gələcəkdə bu müharibənin öyrənilməyə layiq olan yalnız bir elementi olacaq.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin tədqiqi ilə məşğul olan bir neçə analitik var, sanki bu ixtisas məxfiliklə, gizlinliklə örtülüb. Buna görə də Qərb, Ukraynanın 2014-cü ildən bəri ABŞ, Böyük Britaniya və Kanadadan qazanılan təcrübəyə və intensiv təlimlər sayəsində əldə etdiyi inkişafa fikir vermir. Ukrayna Silahlı Qüvvələri təkcə motivasiya və liderlik bacarıqlarını deyil, həm də taktiki bacarıqlarını artıq sübut edib. Zaman keçdikcə, onlar daha böyük rus hərbi birləşmələrini məğlub etmək üçün yüngül piyadaları tank əleyhinə silahlar, dronlar və artilleriya atəşi ilə birləşdirirlər. Ukraynalılar təkcə şəhər yerlərində dayaq nöqtələrini müdafiə etmir, onlar həm də Klauzevitsin (Prussiyalı sərkərdə və strateq Karl Klauzevits nəzərdə tutulur-red.) "ən yaxşı müdafiə - məqsədyönlü zərbələr nəticəsində yaranan qalxan” doqmasına əməl edirlər. 
Ukraynadakı real vəziyyəti etiraf etmək istəməməsi bəlkə də qismən ondan irəli gəlir ki, Qərb hərbi mütəxəssisləri öz tədqiqat mövzularını müdafiə etməyə çalışırlar, amma məncə daha çox ona görədir ki, texnologiyalara (rusların bu mənada bəzi güclü tərəfləri var), saya (yalnız müəyyən dərəcədə və müəyyən ərazilərdə Rusiyanın say üstünlüyü var) və doktrinalara üstünlük verilməsi tendensiyası hökm sürür.  Amma müharibə diqqəti insan amilinə yönəltməyə məcbur etdi. Məsələn, müasir orduların əksəriyyəti kiçik zabitlərdən ibarət güclü heyətə arxalanır. Çavuşlar texnikanın saxlanmasına nəzarət edir və dəstələrin taktikasına rəhbərlik edirlər. Ancaq Rusiyanın çavuş heyəti, həmişə olduğu kimi, bu gün də zəif və korrupsialaşmışdır. Lakin bacarıqlı kiçik zabitlər olmadan, hətta effektiv bir doktrina altında çox saylı müasir texnoloji hərbi texnika və avadanlıqlar məhv ediləcək və ya atılacaq, qoşunlar pusquya düşəcək və ya atəş altında qalacaq.
 
Bununla belə, Qərbin Ukrayna Silahlı Qüvvələrinin uğurunu tanımasına ən böyük maneə odur ki, son 20 il ərzində biz öz tərəfimizin küncə sıxışdırılmış, təsirsiz və ya bacarıqsız olduğuna inanmışıq. Bu cür anlayışlardan kənara çıxmaq və aşkar faktları nəzərdən keçirmək vaxtıdır. 
Ukraynanın bu müharibədə qalib gəldiyinə dair sübutlar çoxdur, sadəcə olaraq mövcud məlumatlara daha yaxından baxmaq lazımdır. Cəbhə xəttində Rusiyanın irəliləyişinin olmaması mənzərənin yalnız yarısıdır, baxmayaraq ki, xəritələrdə böyük qırmızı ləkələr (bunlar rusların faktiki nəzarət etdiyi əraziləri deyil, sadəcə keçə bildikləri ərazilərdir). Rusiyanın bütün hava-desant əməliyyatlarının uğursuzluğu, Ukrayna HHQ və hava hücumundan müdafiə sistemini zərərləşdirə bilməməsi, Kiyevin şimalında 40 mil uzunluğunda təchizat karvanının həftələrlə iflic olması düşündürücüdür. Rusiya itkiləri heyrətamizdir - mənbədən asılı olaraq 7.000-dən 14.000-ə qədər əsgərin öldürüldüyü bildirilir. Bu ən azı daha 30.000 yaralı, əsir və ya itkin düşmüş hərbçi deməkdir (ölü və yaralıların nisbətinin ən sadə hesablama qaydasını istifadə etməklə). İtkilərin ümumi sayı bütün işğal qüvvələrinin ən azı 15%-ni təşkil edir ki, bu da əksər döyüş hissələrinin döyüş qabiliyyətinin azalması üçün kifayətdir. Və itkilərin tempinin azaldığını söyləmək üçün heç bir əsas yoxdur - Qərb kəşfiyyatı Rusiyanın itkiləri gündə 1.000 nəfər (öldürülən və yaralananlar birlikdə) səviyyəsində olduğunu bildirir.
Buraya Rusiyanın taktiki səhvlərini əlavə edin: avtomobillərin yollarda toplanması; cinahları əhatə edən piyadaların olmaması; koordinasiya edilmiş artilleriya atəşinin olmaması; yuxarıdan helikopter dəstəyinin olmaması və pusqulara panik reaksiya. Məhv edilmiş texnika ilə ələ keçirilən və ya atılmış texnikanın nisbəti (1:1) ordunun döyüşmək istəmədiyini göstərir. Rusiyanın bir və ya iki cəbhə xəttində qüvvələrini cəmləşdirə bilməməsi və ya böyük şəhərləri ələ keçirə bilməməsi, logistika və texniki xidmət problemləri heyrət doğurur.
Rus ordusu artıq bütün qüvvələrini döyüşə cəlb edib. Ehtiyatda olan Rusiya əsgərlərinin isə xüsusi hazırlığı yoxdur (ABŞ Milli Qvardiyasından, İsrail və ya Finlandiya ehtiyat qüvvələrindən fərqli olaraq) və Putin söz verib ki, çağırışçılar Ukraynadakı müharibəyə göndərilməyəcək, amma çətin ki, o, bu vədini yerinə yetirsin. Çeçenistandan gələn bölmələr ağır zərbələrə məruz qalıb və hər halda onlar döyüş əməliyyatlarında iştirak etməyə öyrəşməyiblər və buna hazır deyillər. Rusiyada daxili narazılıq yatırılır, texnoloji biliklərə sahib yüz minlərlə gənc nəslin üzvləri ölkədən qaçmağa üstünlük verirlər. 
Əgər Rusiya kibermüharibə aparırsa, bu o qədər də gözə çarpmır. Rusiyanın elektron mübarizə texnikası Ukraynada rabitəni kəsə bilməyib. Ayrı-ayrı səbəblərdən (etibarsız müdafiə və ya cəbhə xəttindəki qüvvələri şəxsən idarə etmək cəhdindən sonra) bir neçə rus generalı öldürülüb. Eyni zamanda, digər tərəfdən Rusiya üçün mənfi indikatorlar da var: ukraynalılar təslim olmur və onların arasında panika yoxdur, qüvvələr arasında idarətetmə pozulmayıb, bölmələr dağılmır, işğal edilmiş ərazilərdə  xəyanətkarların sayı çox azdır. Ölkənin ən böyük ruspərəsti Viktor Medvedçuk susur və ya artıq ölkəni tərk edib. Ukraynalıların uğurlu əks-hücumları və rus bölmələrinin əraziləri tərk etməsi barədə də məlumatlar var.
Ukraynadakı müharibənin işıqlandırılması zamanı yuxarıda qeyd edilən tendensiyalar önə çəkilmir. Sent-Endryus Universitetindən Filips Obrayenin qeyd etdiyi kimi, dağıdılmış xəstəxanaların, ölən uşaqların və partladılmış yaşayış binalarının fotoşəkilləri bu müharibənin dəhşətini və vəhşiliyini dəqiq şəkildə çatdırsa da, hərbi reallıqları çatdırmır. Açıq desək, ruslar şəhəri yerlə-yeksan etsələr, dinc sakinlərini məhv etsələr belə, bu, çətin ki, işğalçılardan qisas almaq üçün xarabalıqlarda belə fövqəladə və təsirli işlər görməyə hazır olan müdafiəçilərinin məhv edilməsi deməkdir. Axı 80 il əvvəl ruslar da öz dağıdılmış şəhərlərində almanlara qarşı belə döyüşüblər. Müharibənin işıqlandırılmasında xüsusilə "Wall Street Journal” nəşrinin böyük rolu var. Onlar işə daha analitik yanaşırlar, Voznesenskdə (Nikolayev vilayəti, Nikolayev şəhərindən şimalda və Yujnoukrainsk AES-in yaxınlığında yerləşən şəhər-red.) rus tabor-taktik qrupunun məhv edilməsi kimi nümunəvi döyüşlər barədə geniş reportajlar hazırlayırlar. 
Əksər şərhçilər bu münaqişəyə həddindən artıq dar yanaşır, onu yalnız Rusiya və Ukrayna arasında qarşıdurma kimi təqdim edirlər. Bununla belə, əksər müharibələr kimi, bu, yalnız ruslar və ukraynalılar tərəfindən deyil, həm də xüsusi olaraq döyüşən iki koalisiya tərəfindən aparılır. Rusların müəyyən sayda çeçen köməkçi dəstələri var ki, onlar hələ öz effektivliyini göstərməyiblər; suriyalıların bir qismini cəlb edə bilərlər (onlar Rusiya bölmələri ilə uyğunlaşmada ümumiyyətlə çətinlik çəkəcəklər); Rusiya tərəddüdlü müttəfiqi olan Belarusu cəlb edə bilər, halbukı Belarusun vətəndaşları artıq dəmir yolu təxribatlarına başlayıblar. Ukraynaya girmək əmri veriləcəyi halda ordunun necə reaksiya verəcəyi hələ bəlli deyil. 
Ukraynalıların da köməkçiləri var - təxminən 15 min əcnəbi könüllü, çox güman ki, bəziləri müttəfiqləri üçün sadəcə faydasız və hətta təhlükəli yük olacaq. Bununla belə, bir çoxları həqiqətən dəyərlidir - snayperlər, hərbi həkimlər və Qərb ordularında döyüşmüş digər mütəxəssislər. Daha önəmlisi, Ukraynanı ABŞ, İsveç, Türkiyə və Çexiya kimi ölkələrin müdafiə sektorunun dəstəkləməsidir. Hər gün minlərlə müasir silah Ukraynaya axışır: dünyanın ən yaxşı tank əleyhinə və zenit raketləri, həmçinin pilotsuz uçuş aparatları, snayper tüfəngləri və müharibə üçün lazım olan digər texnika və avadanlıqlar. Üstəlik, xatırlatmaq yerinə düşər ki, ABŞ təkcə Rusiya qüvvələrinin yerləşdirilməsi ilə bağlı deyil, həm də Rusiyanın niyyətləri və cari əməliyyatları haqqında mükəmməl kəşfiyyat məlumatlarına malikdir. ABŞ kəşfiyyat üzvlərinin bu məlumatı ukraynalılarla, o cümlədən real vaxt rejimində paylaşmaması axmaqlıq olardı. Ukraynanın hava hücumundan müdafiə sistemlərinin mükəmməlliyinə və bölmələrin yerləşdirilməsinə əsasən, onların (ABŞ kəşfiyyatının üzvlərinin) axmaq olmadığını güman etmək olar.
Ukraynalılar öz işlərini yaxşı görürlər. Onları lazım olan qədər silahlandırmağın vaxtı gəlib. Biz, ümumiyyətlə, Putinin çılğın "ehtiras” ideologiyasını və paranoyik "böyük rus millətçiliyi” ideyasını bölüşməyən rus elitasına təzyiqi artırmaqla Rusiya iqtisadiyyatını çökdürməliyik. Rəsmi və qeyri-rəsmi strukturları səfərbər etməliyik ki, rus xalqı informasiya blokadasından çıxa bilsin və anlasın ki, sadəcə bir nəfərin - Putinin istəyilə başladılan müharibəyə görə minlərlə rus gənc öz evlərinə qayıda bilməyəcək və ya şikəst halda qayıdacaq, dünyada ruslara əbədi nifrət olacaq. İkinci dünya müharibəsindən sonra olduğu kimi hərbi cinayət tribunalları hazırlanmalı və təqsirləndirilən şəxslərin adları çəkilməlidir. Və daha da vacibi, biz Ukrayna iqtisadiyyatının bərpası məqsədilə "Marşal Planı”nı elan etməliyik. Bu, ukraynalıların daha da əzmkar mübarizəsi üçün lazımdır, onlar görməlidilər ki, biz onların qələbəsinə inanırıq və onların müharibədən sonra layiqli gələcəyi olacaq. Ən böyük motivasiya məhz budur. 
Endşpilə (müharibənin nəticəsinə) gəlincə, biz anlamalıyıq ki, Putin həqiqətən əclafdır, lakin utancaqlıqdan heç əziyyət çəkmir. Qaçış yoluna ehtiyac duyduqda, o, bizə bu barədə işarə verəcək. O vaxta qədər isə müharibəni minimum insan itki ilə bitirməyin yolu - Qərbin birgə səyləri ilə Rusiyanın üzərinə düşməkdir.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo