Xəbər lenti

Qərb Putinin devirilməsi planına dəstək olacaqmı? (ŞƏRH)
Dünya 18:48 28.06.2024

Qərb Putinin devirilməsi planına dəstək olacaqmı? (ŞƏRH)

"Qərb Putini çevriliş yolu ilə devirməyi planlaşdırmır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun NATO-dan Rusiya daxilində Vladimir Putinə qarşı yönələn inqilabi hərəkətləri dəstəkləmək barədə xahişini şərh edərkən deyib.
 
Zərdüşt Əlizadə vurğulayıb ki, Rusiyada müxalifətin gücü digər MDB ölkələrində olan müxalifətin güc və qüdrətindən artıq deyil:



"İlya Ponomaryov heç kimdir. O, siyasi səhnədə atılıb-düşür ki, öz siyasi yükünü qoruyub saxlasın. Ona tabe olmayan, ona aid olmayan qüvvələri guya nəzarətdə saxladığını bildirir. Bacara bilməyəcəyi işləri elan edir. Ona görə də belələrinə fikir vermək lazım deyil. NATO İlya Ponomaryov kimi adamlara qulaq asmaq fikrində deyil. Ponomaryovun dedikləri reallaşmayacaq. Hələlik Putin ölkə daxilində öz gücünü və qüdrətini qoruyub saxlamaqdadır".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev tərəfindən yaradılan "Xalq Deputatları Konqresi” Kremil rəhbərini devirmək üçün yeddi bəndlik plan hazırlayıb. Bu barədə Britaniyanın "The  Times" qəzeti yazıb. Planın iyulun əvvəlində Vaşinqtonda keçiriləcək NATO sammitndə təqdim edilməsi planlaşdırılır. 

Nəşrin məlumatına görə, konqres NATO-nu Vladimir Putinin hərəkətlərini bəyənən rusiyalı siyasətçilərin qətlini dəstəkləməyə çağırır. Konqres üzvlərinin hazırladığı strategiya bu həftə Varşavada keçirilən iclasda müzakirə edilib və "Qələbə planı" adlandırılıb. "Qələbə planı"nda Qərbi təşkilata dəstək verməyə, Rusiyaya qarşı sanksiyaları genişləndirməyə və Ukraynaya silah tədarükünü artırmağa çağırışlar var. Bundan əlavə, qrup Qərbdən "Rusiya daxilində inqilabi hərəkətləri" dəstəkləməyi xahiş edir.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->