Qərb hökumətləri Rusiyanın Ukraynanın müttəfiqlərini parçalamaq, Kiyevə hərbi təchizatı dayandırmaq və Qərbin qətiyyətini sınamaq məqsədi daşıyan təxribat kampaniyasına qarşı çıxmaq üçün bir yol tapmağa çalışır.
Qaynarinfo xəbər verir ki, Financial Times-ın məlumatına görə, bu məsələ son hadisələrdən sonra Ukraynanın Qərb müttəfiqlərinin gündəminə çevrilib. Bunlara Böyük Britaniyada Ukrayna ilə bağlı anbarın yandırılması, Almaniyadakı ABŞ hərbi bazalarına qarşı təxribat planı, Avropa dəmir yolu siqnal şəbəkələrini pozmaq cəhdləri və Baltikyanı ölkələrdə mülki aviasiya GPS naviqasiya sistemlərinin tıxanması
daxildir.
Latviya prezidenti Edqars Rinkeviç Financial Times-a deyib: "Rusiya hər şeyə qadir olduğunu və cəmiyyətlərimizi poza biləcəyini... qorxu toxumu səpmək və həyatımızı daha da acınacaqlı etmək üçün yollar tapdığını bildirməyə çalışır. Bu, həm də bizim cavab testimizdir, çünki cavab verməsək, bu hücumlar daha da güclənəcək”.
Onun sözlərinə görə, NATO müttəfiqləri hərbi alyansın qarşılıqlı müdafiə siyasətinin 5-ci maddəsinə müraciət etmədən necə cavab verəcəkləri ilə bağlı "anlaşmağa çalışırlar”. "Biz kifayət qədər kiçik insident səbəbindən Rusiyaya raket atmaq fikrində deyilik”, - o əlavə edib.
Qərb üçün bu hücumlara qarşı durmaq niyə bu qədər çətindir?
Qərb müdafiə məsləhətçilərindən birinə görə, Rusiya geniş hibrid müharibə imkanlarına malikdir. Qərb isə o qədər arxada qalıb ki, hibrid müharibənin nə demək olduğu barədə lüğəti belə yoxdur.
Moskva "həmçinin bizim reaksiyalarımızı daim izləyir və yenilərini qəbul etməzdən əvvəl onların hansı hərəkətlərinin işləyəcəyini yoxlayır”, - məsləhətçi əlavə edib.
Problemlərdən biri odur ki, insidentlər çox vaxt təsadüfi görünür və Ukrayna ilə əlaqəsi olmayan hədəflərə yönəldilir - məsələn, keçən ay Litvada Ikea mağazasında baş verən yanğın kimi. Adekvat cavab tədbirlərinin işlənib hazırlanmasında başqa bir problem ondan ibarətdir ki, insidentlər çox vaxt vasitəçilərin əliylə törədilir və bu, onların birbaşa Rusiyaya aid edilməsini çətinləşdirir.
Bu yaxınlarda yüzlərlə rus diplomatı və casusunun Avropadan kütləvi surətdə qovulmasından sonra, cinayətkarların çoxu indi cinayətkar dəstələrdəndir. Avropalı əks-kəşfiyyat zabitlərindən birinin fikrincə, bu, Qərbin Moskvanın imkanlarını məhdudlaşdırmağa müvəffəq olduğuna işarədir, baxmayaraq ki, o, həm də yeni risklər daşıyır.
"Muzdlular partlayıcı maddələrlə işləməkdə bacarıqsız olduqları üçün girov ziyanı və tələfat ehtimalı yüksəkdir", - zabit bildirib.
Bu hücumlara qarşı müasir yanaşma üç addımlı prosesi əhatə edir
Birincisi, hücumların baş verdiyini etiraf etmək və onları dayandırmaqdır. İkinci mərhələ milli dayanıqlığın yaradılmasını - kritik infrastrukturun gücləndirilməsini, kompüter sistemlərinin kibertəhlükəsizliyini və əhalinin dezinformasiya kampaniyaları ilə bağlı media savadlılığının artırılmasını nəzərdə tutur.
"Üçüncü addım – cavab – ən çətindir, çünki o, etibarlı cavabı ehtiva edən, lakin bir yüksək rütbəli qərbli hərbi məmurun sözləri ilə desək, "Rusiyanın istifadə etdiyi kimi qeyri-etik və ya qeyri-qanuni vasitələrdən” çəkinən çəkindirmə strategiyasını tələb edir”, - FT yazır.
Həmçinin, Çexiyanın xarici işlər naziri Yan Lipavskinin təklif etdiyi mümkün tədbirlərdən biri də rusiyalı diplomatların akkreditə olunduqları ölkədən kənara çıxa bilməmələri üçün vizalarının məhdudlaşdırılmasıdır. Daha aqressiv cavab Rusiya daxilində Ukraynadakı müharibənin xərclərini işıqlandıran informasiya kampaniyasını əhatə edə bilər.
FT yazır: "Qərb rəsmiləri Rusiyanın boz zonaya hücumlarının gözlənilməz olduğunu, müxtəlif formalarda olduğunu və asimmetrik xarakter daşıdığını, buna görə də cavab tədbirlərinin Rusiya ilə qarşıdurmanı gücləndirmək riski altında olduğunu deyirlər.
Rusiyanın Avropadakı təxribatı
WSJ yazır ki, avropalı müstəntiqlər Rusiyanın barmaq izlərini strateji infrastrukturun təxribatı ilə bağlı son aktlarda getdikcə daha çox görürlər, lakin iddia edilən hücumlara dair sübutlar çox vaxt qeyri-müəyyən olduğu üçün tədbir görə bilmirlər.
"The Times” həmçinin yazıb ki, NATO Rusiya Federasiyasının İrlandiya yaxınlığında sualtı kabellərə və boru kəmərlərinə hücum edə biləcəyinə inanır və ölkənin öz müdafiəsinə töhfə verə bilməməsindən narahatdır.
Alpər