Dünya 17:24 18.01.2023

Qərb silah istehsalçıları Ukrayna üçün döyüş sursatı istehsal etməyə çatdırmır

Artilleriya Ukraynadakı döyüşlərdə getdikcə daha mühüm rol oynayır və hər iki tərəfin fasiləsiz sursat təchizatına ehtiyacı var. Onların Qərb ölkələrindəki ehtiyatları məhduddur və istehsalçılar döyüş meydanında sərf edilən sürətlə döyüş sursatı istehsal etməyə çatdırmırlar.

Buna görə də Ukraynaya əsas silah tədarükçüsü olan ABŞ İsrail və Cənubi Koreya ilə bu ölkələrdəki anbarlarda saxlanılan Amerika sursatlarından istifadə etmək barədə razılığa gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” rəsmilərə istinadən yazır.

Strateji və beynəlxalq araşdırmalar mərkəzinin (CSIS) son hesabatına görə, ABŞ artıq Ukraynaya 1,074,000 ədəd 155 mm mərmi verib və ya təmin edəcəyinə söz verib. ABŞ-ın yüksək rütbəli rəsmisi qəzetə bildirib ki, bunların əhəmiyyətli hissəsi (lakin yarısından az) bu iki ölkənin anbarlarından gələn sursatların payına düşür.

Həm İsrail, həm də Cənubi Koreya Ukraynaya silah göndərməkdən imtina edir, lakin ABŞ-ın bu ölkələrdəki anbarlarında saxlanılan və düşmən qonşulara qarşı istifadə edilməsi nəzərdə tutulan silahlar ABŞ-a məxsusdur. Və hər iki ölkənin səlahiyyətliləri sonda Vaşinqtonun Ukraynaya göndərmək üçün sursatın bir hissəsini götürməsinə razılaşıblar.

İsrail və ABŞ rəsmilərinin sözlərinə görə, Pentaqon və Təl-Əviv təxminən 300.000 ədəd 155 mm-lik mərmi tədarük etmək barədə razılığa gəliblər; onların təxminən yarısı artıq Avropaya göndərilib və sonda Polşa vasitəsilə Ukraynaya çatacaq. Koreya hakimiyyəti Ukraynada R.O.K. (Republic of Korea) işarəsi olan mərmilərin istifadə edilməsini istəmir, çünki bu, milli silah ixracı qaydalarını pozacaq. Buna görə də Koreya anbarlarından mərmilər ABŞ-ın digər ölkələrdəki ehtiyatlarını dolduracaq və Pentaqon Ukraynaya daha çox öz sursatını göndərə biləcək.

Bundan əlavə, The Wall Street Journal-ın yazdığına görə, ABŞ Koreyadan 100.000 ədəd mərmi almağa razılaşıb; onlar da ABŞ-dakı anbarlarda olan sursatları əvəz edə bilərlər.

Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder "The New York Times”a bildirib ki, Pentaqon təhlükəsizlik səbəbi ilə "silahların yeri və ya silahların növünü müzakirə etməyəcək". İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, ABŞ-ın tələbi ilə İsraildəki ehtiyatlarından bəzi silahlar ABŞ Müdafiə Nazirliyinə təhvil verilib.

NYT yazır ki, Ukrayna ordusu ayda təxminən 90.000 artilleriya mərmisi istifadə edir; Qərb ölkələrin nümayəndələri bildirirlər ki, ki, bu, ABŞ və Avropa şirkətlərinin ümumi siethsal etmək gücündən iki dəfə çoxdur. Qalanını ehtiyatlardan və kommersiya alışları da daxil olmaqla digər mənbələrdən alınmalıdır.

CSIS-in hesabatına görə Ukrayna ayda 143.000 mərmi istifadə edir (iyun ayından bəri Qərb silahları və özüyeriyən artilleriya qurğularının aktiv şəkildə istifadə olunmağa başladığı altı ay ərzində), bura Ukraynada olan  Sovet istehsalı artilleriya daxil deyil. NYT yazır ki, belə aktiv istifadə sayəsində ABŞ və digər Qərb ölkələri tərəfindən təchiz edilmiş 155 mm-lik haubitsaların təxminən üçdə biri təmirdədir.

Qəzetin yazdığına görə, ABŞ ordusu son aylarda ukraynalılara artilleriyadan daha səmərəli istifadə etməyi öyrətməyə başlayıb. Pentaqon rəsmiləri deyirlər ki, son həftələrdə Rusiya da təchizat problemi yaşadığından Rusiya qoşunlarının artilleriya atəşi kəskin şəkildə azalıb.

ABŞ silah və sursatları olan anbarlar İsraildə 1973-cü ildə Ərəb-İsrail müharibəsindən sonra yaranıb. NYT mənbələrinə görə, 1980-ci illərdə imzalanmış strateji memorandum tankların, zirehli personal daşıyıcılarının və sursatların erkən yerləşdirilməsini nəzərdə tuturdu, 2000-ci illərdə proqram Quru qoşunlar, Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri üçün avadanlıqları əhatə edəcək şəkildə genişləndirildi. Silahlar və avadanlıqlar müxtəlif yerlərdə saxlanılır, ona yalnız ABŞ ordusunun girişi var. ABŞ Konqresinin 2022-ci ilin fevralında açıqladığı hesabata görə, İsrail 2006-cı ildə Hizbullahla müharibədə və 2014-cü ildə HƏMAS-a qarşı əməliyyatlarda ABŞ-ın ehtiyatlarında olan silahlardan istifadə edib.

Nizami Bağırov