"İndilikdə bu sövdələşməyə mane olan ciddi amil ABŞ-da qarşıdan gələn prezident seçkiləridir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Qərbin Kiyevə problemi həll etmək üçün cari ilin sonuna qədər vaxt verdiyi barədə səslənən fikirləri şərh edərkən deyib:
"Məsələni dərindən müzakirə edən ciddi təhlilçilər müəyyən əlamətlərə əsasən bildirir ki, Amerika Rusiya ilə belə bir sövdələşməyə gedə bilər. Lakin hələlik bu sövdələşməyə maneə olan ciddi amil ABŞ-da olacaq prezident seçkiləridir. ABŞ cəmiyyətinin əksər hissəsi Ukraynanı dəstəkləyir. Belə bir şəraitdə seçki ərəfəsində istənilən Amerika siyasətçisi Ukraynanın arxasından çəkilməklə öz ölkəsi daxilində xeyli dərəcədə nüfuzdan düşmüş olacaq”.
Politoloq deyir ki, Ukrayna müharibəni davam etdirməkdə maraqlıdır:
"Onu da unutmayaq ki, Zelenski Ukraynada söz sahibidir. Son vaxtlar ölkəsinin hərbi sənayesini bərpa edib, korrupsiyaya qarşı ciddi tədbirlər görməyə başlayıb. Bu da onun reytinqinə müsbət təsir göstərir. Ukrayna Ordusu da bəyan edib ki, onlar heç bir ərazini güzəştə getməyəcəklər. Hələlik hərbi əməliyyatlar da Ukrayna Ordusunun üstünlüyü ilə keçir. Ola bilsin ki, yaxınlarda onlar Azov dənizinin sahilinə də çıxsınlar. Yəni, Ukraynanın vəziyyəti elə də pis deyil. Xalq öz torpağını qorumaq barədə ciddi əzmlə vuruşur”.
Qeyd edək ki, tanınmış ukraynalı jurnalist Dmitri Qordon Qərbin Kiyevə ilin sonuna qədər vaxt verdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna o vaxta qədər nə qazansa, ona məxsusdur, geri qalanlar isə danışıqlar masasında müzakirə olunacaq.
Rüfət Sultan