Bu, təkcə Ukraynanın müharibəsi deyil. Bu bizim də müharibəmizdir. Buna uyğun hərəkət edin.
Qaynarinfo xəbər verir ki, amerikalı hərbi tarixçisi Maks But "The Washington Post” qəzetinə yazdığı
məqalədə Qərbin Ukraynanın müharibədə qalib gəlməsi üçün niyə daha çox köməyə və resurslara ehtiyacı olduğunu müzakirə edir.
ABŞ-ın Ukraynaya hərbi yardımı yaxşıdır, lakin kifayət deyil. Bu, qismən konseptual səhvə görədir. Biz bunun onların müharibəsi olduğunu düşünürük.
Baxmayaraq ki, biz başa düşməliyik ki, bu bizim müharibəmizdir və buna uyğun hərəkət etməliyik.
Rusiya təkcə bir ölkəyə hücum etməyib. O, ABŞ və müttəfiqlərinin 1945-ci ildən bəri qurduğu qaydalara əsaslanan beynəlxalq nizamın təməlinə zərbə vurub. Əgər Rusiya öz təcavüzündən cəzasız çıxsa, bütün dünyadakı diktatorlara siqnal göndərəcək ki, onlar istədikləri hər şeyi edə bilərlər və Qərb onları dayandırmaq üçün çox zəifdir. Rusiya diktatoru Vladimir Putinin tezliklə nəzərlərini Ukrayna kimi tarixin müxtəlif dövrlərində Rusiya İmperiyasının tərkibində olmuş Baltikyanı respublikalara, NATO üzvlərinə dikəcəyi anı gözləyin.
Çinin Tayvanı hədəf alacağını gözləyin. Baltikyanı ölkələrə və ya Tayvana hücum çox güman ki, Birləşmiş Ştatları asanlıqla III Dünya müharibəsinə çevrilə biləcək münaqişəyə cəlb edəcək.
Sülhü qorumağın ən yaxşı yolu Ukraynaya rus işğalçılarını dağıdıcı itkilərlə geri atmağa kömək etməkdir. Bu, təkcə Putinə deyil, planetin hər bir diktatoruna güclü mesaj verəcək: Qərblə oyun oynamayın. Amma biz düzgün addım atmırıq. Biz ukraynalıları məğlub olmamaq üçün kifayət qədər silahla təmin edirik, lakin bu silahlar onların qələbə qazanması üçün kifayət etmir. Donbasın şərqində kritik döyüşdə ukraynalılar artilleriyada ruslara 10:1 hesabı ilə uduzurlar. Bu qəbuledilməzdir.
ABŞ qoşunları ön cəbhədə olsaydı, bu qədər xəsis olmazdıq. Braun Universitetinin "Müharibə xərcləri” layihəsinə görə, 2001-ci il sentyabrın 11-dən bəri Birləşmiş Ştatlar İraq və Əfqanıstandakı münaqişələri əhatə edən terrora qarşı müharibəyə 3 trilyon dollardan çox vəsait xərcləyib (veteranlara və vətən müdafiəsinə edilən trilyonlarla yardımı saymadan) Bu, təxminən 21 il ərzində ayda orta hesabla 12 milyard dollar deməkdır.
Müqayisə üçün qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən bəri ABŞ təhlükəsizlik üçün cəmi 5,6 milyard dollarlıq yardım göstərib və son 1 milyard dollarlıq tranş ötən həftə açıqlanıb. Xarici yardım baxımından bu, çox böyük puldur, lakin öz müharibələrimizə xərclədiyimizlə müqayisədə bu, qəpik-quruşdur. Əgər bu, ABŞ-ın münaqişəsi olsaydı, biz bu ilin fevralından 48 milyard dollar və ya daha çox xərcləyə bilərdik.
Bu, böyük fərqdir və bu, yardım paketlərimizin niyə ukraynalıların istədiklərindən bu qədər fərqli olduğunu izah etməyə kömək edir. Prezident Volodimir Zelenskinin köməkçisinin sözlərinə görə, işğalçılarla "ağır silah pariteti” əldə etmək üçün Ukraynaya 155 mm-lik 1000 ədəd haubitsa, 300 ədəd reaktiv yaylım atəşi sistemi, 500 ədəd tank, 2000 ədəd zirehli maşın və 1000 ədəd pilotsuz uçuş aparatı lazımdır. İndiyədək Birləşmiş Ştatlar 126 ədəd 155 mm-lik haubitsa, 4 ədəd yüksək mobil artilleriya raket sistemi, 200 ədəd zirehli maşın və 121 ədəd Phoenix Ghost pilotsuz uçuş aparatı verilib. Müttəfiqlərimiz də əhəmiyyətli töhfə veriblər, lakin ümumiləşdirsək, bu, kifayət qədər deyil.
Birləşmiş Ştatlar heç bir tank və ya təyyarə verməyib. Bayden administrasiyası nəinki F-16 qırıcılarını və ya A-10 hücum təyyarələrini göndərə bilməyib, həm də MiQ-29 qırıcılarının Polşadan köçürülməsini asanlaşdırmaqdan imtina edib. Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı David Deptula deyir ki, ABŞ-ın anbarında Ukraynaya göndərilə bilən 200-dən çox MQ-1C Grey Eagle pilotsuz uçuş aparatı var. Hellfire raketləri ilə silahlanmış bu pilotsuz uçuş aparatları Donbasdakı vəziyyəti çevirməyə kömək edə bilər. Ancaq Bayden administrasiyası bir dənə də belə PUA göndərməyib.
Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin başçısı, general Mark A. Milli deyir ki, "Biz Ukrayna ordusuna mümkün qədər tez dəstək veririk”. Bu sadəcə yalandır. Dünyadakı bütün kriptovalyutalara mərc edə bilərsiniz ki, əgər Birləşmiş Ştatlar döyüşdə gündə 100-dən çox əsgər itirsəydi (İkinci Dünya müharibəsindən bəri belə itki verməmişik), biz döyüşə daha çox təyyarə, zireh və artilleriya atmış olardıq. Hərbçilərimizə deməzdik ki, "bu dəfə alınmadı. Siz əlinizdən gələni edin”. Amma əslində bunu ukraynalılara deyirik. Amerikalılının həyatı ukraynalının həyatından üstündürmü? Belə olmamalıdır.
Bayden administrasiyası və onun müdafiəçilərinin daha çox iş görməmək üçün çoxsaylı bəhanələri var: biz Rusiya ilə müharibəyə cəlb olunmaq istəmirik; Vəziyyət ukraynalıların iddia etdiyi kimi kritik deyil; Onlar qısa zamanda böyük həcmdə silahları qəbul edə bilməzlər; Ruslar sadəcə olaraq sistemlərimizi məhv edəcək və ya ələ keçirəcək; ABŞ-ın məhdud ehtiyatları var; Ağır silahların daşınması və onlar üçün təchizat xətlərinin yaradılması vaxt tələb edir; Biz silahlanma baxımından ruslarla bərabər ola bilməsək də, texnikamız daha yaxşıdır, ona görə də ukraynalıların tələb etdiyi miqdarları təmin etmək məcburiyyətində deyilik və sair.
Bu izahatların çoxu düzgündür, lakin heç biri bizim daha çox şey edə bilməməyimizi əsaslandıra bilməz. Siyasətçilər daim özlərinə "Əsgərlərimiz Donbasda həlak olsaydı biz nə edərdik" sualını verməli və buna uyğun hərəkət etməlidirlər. Bu o demək deyil ki, biz birbaşa Rusiyaya hücum edək. Bu o deməkdir ki, biz Rusiyanın bütün Qərbə qarşı apardığı müharibədə qalib gəlmək üçün Ukraynanı resurslarla təmin etməliyik.
Nizami Bağırov