
Qafqaz ÖMƏROV
Avrasiyanın qaynar regionu və biabırçı dönüş
Dünya mediasının diqqət mərkəzinə çevrilmiş Əfqanıstan və Orta Asiyanı əhatə edən Mərkəzi Asiya regionu hərbi-siyasi prosseslərin dəyişməsi baxımından hazırda Yer kürəsinin ən qaynar bölgəsi edilir. Bütün aparıcı dünya KİV-ləri bu bölgədə yaxında qaynayacaq bir qazanın açılan qapağına yaxın olmaq üçün özlərinin ən səriştəli reportyorlarını bu regiona ezam edirlər. Hətta dünyanın böyük media şəbəkələri burada özlərinə müxbir postları da yaradıblar. Sanki böyük bir hərbi avantüraya hazırlıq gedir. Partlayacağı təqdirdə bütövlükdə Avrasiyanı alovlandıracaq bu bölgənin Azərbaycanın Xəzər sahillərindən çox da uzaq olmadığını düşünsək, bu regionda baş verəcək hadisələrin Azərbaycana təsirsiz ötüşməyəcəyini təsəvvür etmək bir o qədər də çətin deyil. Ona görə də başı daxili siyasi intriqalara qarışmış Azərbaycan mediasının diqqətini bu regiona yönəltməsinin vacibliyini vurğulamaq istəyirəm. Mərkəzi Asiyada olub-bitənlər gələcəkdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti kökündən dəyişəcək və biz də bu axına qoşularaq istəmədiyimiz istiqamətə axmaq məcburiyyətində qalacağıq. Bunun üçün milli mediamızın bu regiona diqqət yönəltməsi çox vacib bir məsələdir.
ABŞ rəhbərliyinin qəflətən Əfqanıstandan çıxmaq haqqındakı qərarı bu odlu-alovlu ölkənin qonşularında qopmaz milli, dini və mədəni bağlarla Əfqanıstana bağlı olan Orta Asiya ölkələrində daxili ictimai-siyasi vəziyyəti kökündən sarsıtdı. SSRİ dağılandan bu yana Orta Asiya ölkələtini idarə edən siyasi rejimlər çaşqınlıq içərisində öz canlarının hayına qalmış kimi Moskva ilə Qərbin arasında vurnuxmağa başladılar. Əvvəlcə Özbəkistan prezidenti başladı siyasi manevrlərinə. MDB-nin bütün siyasi və iqtisadi strukturlarını tərk edərək Moskva ilə əlaqələrini kəsdi ki, bəlkə, Qərbə yaxınlaşa bilə, amma hər şey "bumeranq effekti" verdi.
Kərimov nə qədər Qərbə yaxınlaşmaq istədisə, Qərb bir o qədər ondan uzaqlaşdı. Daşkəndin dövlət oliqarxları Avropada əleyhlərinə açılan cinayət işləri ilə sarsıldılar. Özbəkistan prezidenti Kərimovun gözəlləməsi Gülnarə Kərimovanın da adının qarışdığı "çirkli pulların yuyulması" və "korrupsiya" qalmaqalları az qala 30 ilin diktatoru olan İslam Kərimovu sarsıtdı və zavallı infartk keçirdi. Hətta Kərimovun ölüm xəbəri də yayıldı, amma sonra "Patriarxın payızı"ndakı kimi yenidən xortladı. Xəstə yatağından durar-durmaz isə sistem altında təyyarəyə minərək üz tutdu Qızıl Moskvaya. Təyyarədən düşər-düşməz Putini bağrına basdı və geri döndüyünü, getməyinə peşman olduğunu deyərək yalvarışlı baxışlarla Putindən dönüş üçün icazə istədi. O, döndü, amma Putinin istehzalı gülüşləri altında...
Rus politoloqlarının asıb-kəsdiyi diktator
Nazarbayevin möqeyi əvvəldən hər kəsə bəllidir. Mövqeyini müəyyən etməmiş Atambayev isə bir müddət Ankara ilə Moskva arasında oynasa da, qısa müddətdə Kremlin yanında olduğunu rəsmən bəyan etdi. Növbə gəldi Tacikistana. Bölgədə Rusiyanın ən böyük hərbi bazasının yerləşdiyi Tacikistan strateji baxımdan Avrasiyanın ən əlverişli bölgəsində yerləşir. Taciklərin böyük bir hissəsinin Əfqanıstanda yaşadığını nəzərə alsaq, gələcəkdə bu ölkədəki konflktin ilk növbədə məhz Tacikistana sıçrayacağını təsəvvür etmək çətin deyil. Çünki əfqan mücahidləri arasında çox nüfuzlu tacik və özbək səhra komandirləri var və onlar "Taliban"ın rəhbərliyində təmsil olunurlar.
Həftənin əvvəllərində yayılan məlumatlarda Tacikistanda yerləşən Sovet ordusundan miras qalmış bölgənin ən geniş imkanlı hərbi aerodromu olan "Ayni" hərbi bazasının ətrafında geosiyasi mübahisənin qızışdığı bildirilmişdi. Rusiya KİV-lərində getmiş bir materialda İmaməli Rahmonın bu hərbi bazanı amerikalılara vermək istədiyi və Rusiyanı aldadacağı haqda məlumat yer almışdı. Hətta Rusiya XİN-nin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin "Ayni" hərbi bazasını Rusiyanın Tacikistandakı hərbi bazasının tərkibinə qatmaq haqqında hazırladığı yeni layihəsinin dərc olduğu bir zaman belə xəbərlərin yayılması ağılları qarışdırdı. Rusiyanın bəzi politoloqları Rahmonı asıb-kəssə də Kreml susqunluğunu pozmadı.
"Tutar qatıq, tutmaz ayran" prinsipi
Rusiyanın rəsmi dairələrinin "Ayni" bazasının Moskvaya icarəyə verilməsi haqqındakı Düşnənbə ilə gəldikləru razılıqlar Kremlin nəzarəti altında olan mətbu orqanlara sızdırılmağa başladı. "Nezavisimaya qazeta"nın dərc etdiyi materialda qeyd olunur ki, 2013-cü ilin yanvarında ikitərəfli Moskva-Düşənbə razılaşmasına əsasən Rusiya üzərinə ərazisində işləyən tacik miqrantlarına üstünlüklər nəzərdə tutan öhdəliklər götürüb. Tacikistan tərəfi bunun müqabilində "Ayni" aerodromunu Moskvanın nəzarətinə verməyə razı olub. Qəzet Rusiyanın götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirdiyini, amma İmaməli Rahmonun vədinə xilaf çıxaraq Rusiyaya xəyanət etmək istədiyini xüsusi olaraq vurğulayır.
Buna sübut olaraq Düşənbənin 201-ci rus diviziyasının Tacikistanda yerləşdiriməsi haqqındakı ikitərəfli sazişin ratifikasiyasını uzatması göstərilir. Rəsmi Düşənbə isə məsələlərə hələlik heç bir rəsmi münasibət bildirməyib. Hadisələrin gedişi isə Rahmonun da çətin vəziyyətə düşdüyünü, Rusiya ilə bağları qırmaqla Qərbə yaxınlaşmağa cəhd etdiyindən xəbər verir. Amma Qərbin "Şərq proyektində" heç bir Mərkəzi Asiya ölkəsinin diktatorunun olmadığı gün kimi aydındır. Orta Asiya diktatorlarının bu oyunları isə onların son oyunlarıdır və "tutar qatıq, tutmaz ayran" prinsipi üzərində qurulub. Ranmonun da Nazarbayev, Atambayev, Berdımuhammedov, Kərimov kimi Rusiyadan başqa nicat yeri yoxdur. Əgər buna nicat yolu demək olarsa...
P.S. Dünyanın bir zamanlar "Bir nömrəli terrorçusu" elan olunmuş kommunist, "Çaqqal" ləqəbli Ramires Sançes, may ayının 13-də Fransada növbəti dəfə hakim qarşısına çıxarılarkən məhkəmə nitqini bu sözlərlə bitirib: "Mən qatı bir kommunist və inqilabçı olaraq qalıram. İnqilabçılıq mənim qanımdadır. Amma bu gün hər dəyişib və artıq inqilab Quranın dilində danışır".
Qaynar.info